Accessibility links

ABŞ gələn aydan etibarən Kanada və Meksika ilə qurudan sərhədlərini açacağını bildirib


Birləşmiş Ştatlar gələn aydan etibarən peyvəndin tam dozası vurulmuş səyahətçilər üçün Kanada və Meksika ilə qurudan sərhədlərini açacağını bildirib.

Ticarət kimi vacib səyahətlər istisna olmaqla, COVID-19 pandemiyası səbəbindən 2020-ci ilin mart ayından etibarən bütün avtomobil, qatar və bərələr üçün sərhədlər bağlıdır.

Quru sərhədlərdə vacib olmayan səyahətçilər üçün məhdudiyyətlərin qaldırılması Prezident Co Bayden administrasiyasının gələn aydan etibarən tam peyvənd olunmuş xarici vətəndaşların ölkəyə girişinə icazə verəcəyini açıqladıqdan bir neçə həftə sonra baş verir. Yeni qaydaların qüvvəyə minməsinin dəqiq tarixi müəyyən edilməyib.

Adlarının açıqlanmasını istəməyən administrasiya rəsmiləri jurnalistlərə ABŞ-a qeyri-qanuni yollarla daxil olmaq istəyən insanların keçmiş prezident Donald Tramp tərəfindən qoyulan Title-42 qərarına əsasən sığınacaq üçün müraciət etməli olacaqlarını bildirib.

Bayden administrasiyası ailələrin görüşməsi və ABŞ-ı turizmin gətirdiyi milyardlarla dollardan məhrum edən məhdudiyyətləri qaldırması üçün ABŞ qanunvericilərinin, eləcə də Kanada və Meksikanın təzyiqi altında idi.

İndoneziya cümə axşamı pandemiya səbəbindən bir ildən çoxdur bağlı saxladığı kurort adası Baliyə bir neçə ölkədən olan beynəlxalq səyahətçiləri qaytarmağa hazırlaşdığını bildirib.

Çin, Yaponiya, Yeni Zelandiya, Cənubi Koreya və Birləşmiş Ərəb Əmirliklərindən gələn qonaqlar tam peyvənd edildiklərini təsdiq edən sənədlər göstərməli, gəldikləri zaman testdən keçməli və azı beş gün mehmanxana otaqlarında karantində qalmalı olacaq.

The New York Times qəzetinin çərşənbə axşamı dərc etdiyi məqaləsində Ümumdünya Səhiyyə Təşkilatının dünyada 238 milyondan çox yoluxma, 4.8 milyon insanın ölümünə səbəb olan COVID-19 pandemiyasının mənşəyini araşdırmaq üçün yeni mütəxəssis qrupu yaratdığını bildirib.

XS
SM
MD
LG