Accessibility links

ABŞ: İrana təzyiqlərin məqsədi neft gəlirlərini sıfra endirməkdir


İran körfəzində Suruş neft yatağı-(Arxiv fotosu)
İran körfəzində Suruş neft yatağı-(Arxiv fotosu)

Birləşmiş Ştatlar İranın enerji və bank sektorlarına qarşı sərt sanksiyaların tətbiq edilməsini planlaşdırdığını elan edib. ABŞ bildirib ki, İran hökuməti öz davranışınıı dəyişməli və “normal ölkə” kimi hərəkət etməlidir.

“Bizim məqsədimiz İran rejiminə qarşı xam neft satışından gəlirləri sıfra endirməkdən ibarətdir. Biz qlobal bazarda fasilələri azaltmağa çalışırıq, lakin biz əminik ki, kifayət qədər qlobal neft ehtiyatı mövcuddur”, Dövlət Departamentinin Siyasi Planlaşdırma ofisinin direktoru Brayan Huk bildirib.

Brayan Huk
Brayan Huk

Bazar ertəsi mətbuat üçün brifinqdə açıqlama verən ABŞ rəsmisi İranın “normal ölkə” kimi qəbul olunması üçün Tehranı irəli sürülən tələblərə əməl etməyə çağırıb.

“Normal ölkələr başqa ölkələri terrorizə etmir, raketlər yaymır və öz xalqını yoxsul vəziyyətə qoymur. Dövlət katibi Mayk Pompeonun dediyi kimi, bu yeni strategiya rejim dəyişikliyi məqsədi daşımır, bu, İran rəhbərliyinin İran xalqının onlardan istədiyinə əməl etməsi üçün davranışını dəyişdirməkdən ötrüdür”, Huk bildirib.

Normal ölkələr başqa ölkələri terrorizə etmir, raketlər yaymır və öz xalqını yoxsul vəziyyətə qoymur.
Brayan Huk

Dövlət Departamentinin rəsmisi ABŞ sanksiyalarının ilk hissəsinin avqustun 6-da bərpa ediləcəyini bildirib. Bu sanksiyalarla İranın avtomobil sənayesi, ticarət, qızıl və başqa mühüm metal sənaye sahələri hədəf alınacaq. Brayan Hukun bildirdiyinə görə, ABŞ sanksiyalarının qalan hissəsi noyabrın 4-ü bərpa ediləcək. Bu sanksiyalar isə İranın enerji sektoru, neftlə bağlı transaksiyaları və İranın mərkəzi bankının transaksiyalarını əhatə edəcək.

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların İranla nüvə sazişindən çıxdığını elan edən sərəncama imza atandan sonra 8 may, 2018.
ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların İranla nüvə sazişindən çıxdığını elan edən sərəncama imza atandan sonra 8 may, 2018.

ABŞ prezidenti Donald Tramp may ayında Birləşmiş Ştatların İranla dünya qüdrətləri arasında 2015-ci ildə əldə edilmiş nüvə razılığından çıxdığını elan edib. Tramp İranın sanksiyalar altında olan sektorları ilə ticarəti davam etdirən başqa ölkələrin də sanksiyalarla qarşılaşacağı ilə bağlı xəbərdarlıq edib. Nüvə razılığını imzalamış bütün digər tərəflər-Avropa İttifaqı, Britaniya, Fransa, Rusiya, Çin və Almaniya razılığa sadiq qaldıqlarını və Vaşinqtonun qərarından narazılıqlarını bildirib.

Brayan Huk bildirib ki, Dövlət Departamenti və Maliyyə nazirliyinin rəsmiləri xarici ölkələrə səfər edərək, ABŞ-ın mütəfiqlərini sanksiyalar məsələsində əməkdaşlığa razı salmağa çalışır.


XS
SM
MD
LG