Accessibility links

ABŞ-da işsizlik təzminatı üçün müraciətlər yenidən artıb


ABŞ Əmək Departamentinin cümə axşamı bildirdiyinə görə, koronavirusun ölkə iqtisadiyyatına vurduğu zərərin bərpası çətin olduğuna görə, işsizlik təzminatı üçün müraciət edənlərin sayı yenidən artıb.

Hökumət keçən həftə 719000 işçinin müavinət üçün müraciət etdiyini, bunun əvvəlki həftənin göstəricisindən 61000 nəfər çox olduğunu bildirib. Bir həftə əvvəlki 658000 rəqəmi koronavirus ölkəyə bir il əvvəl yayıldığından bəri ABŞ-da işsizlik təzminatı üçün ən az müraciət demək idi.

Artıq bir ilə yaxın idi ki, işsizlik təzminatına müraciətlərin sayı həftədə 700000-dən yuxarı olaraq qalırdı. 2021-ci ilin əvvəllərindəki bəzi həftələrdə isə bu rəqəm 800000 və ya 900000-dən yuxarı olub.

2019-cu ildə, pandemiyadan əvvəl işsizlik təzminatı üçün müraciət edənlərin sayı həftədə orta hesabla 218000 idi.

Bəzi ştat qubernatorlarının insanların üz maskası taxmalarına dair göstərişləri ləğv etmələrinə və müəssisələrin tam açılmasına qərar verməsinə baxmayaraq, bir çox ştatdakı müəssisələr hələ də işçilərin azaldılması ilə bağlı məhdudiyyətlərlə üzləşir.

Bütün bunlara baxmayaraq, Prezident Co Baydenin 1,9 trilyon dollarlıq koronavirus yardım paketindən gələn pullar ABŞ iqtisadiyyatına axmağa başladığı üçün ölkədə məşğulluq problemi nisbətən düzələ bilər. Yardım paketindən ayrılan pullar işə qəbul və istehlak xərclərini artırmağa kömək edə bilər.

ABŞ-ln maliyyə naziri Canet Yellen bu yaxınlarda Konqresə “xilas paketinin insanların pandemiyanın digər üzünü görmələrinə yardım edəcəyini” deyib.

Hər gün təxminən 2,5 milyon amerikalıya virusa qarşı peyvənd vurulur və Bayden peyvənd almaq istəyən bütün yetkin amerikalıların 90%-nin üç həftədən az bir müddətdə peyvənd alacağını vəd edib.

XS
SM
MD
LG