ABŞ qoşunlarını Əfqanıstandan çəkdikdən sonra həyati təhlükə ilə üzləşdikləri üçün ölkədən çıxarılan ilk əfqan qrupları paytaxt Vaşinqtonun cənubundakı bir hərbi bazaya yerləşdiriləcək.
Bazar ertəsi Dövlət Departamenti və Pentaqon rəsmiləri bildirib ki, bu ayın sonlarında uçuşlar başladığı zaman 2500 əfqan ABŞ paytaxtından təxminən 216 kilometr cənubda, Virciniya ştatındakı Fort Lee bazasına gətiriləcək.
700 tərcüməçi və ailələrinin də daxil olduğu qrupun ABŞ-da başqa bir yerə köçürülməzdən əvvəl bazada bir neçə gün qalacağı gözlənilir.
Dövlət Departamentinin sözçüsü Ned Prays jurnalistlərə deyib ki, əfqanların hamısı Xüsusi İmmiqrant Vizasına (SIV) müraciət edənlərdir.
"Bildirdiyimiz kimi bu cəsur əfqanlar və ailələrinin ABŞ-a xidmət etməsi Kabildəki səfirlik tərəfindən təsdqilənib və onlar hərtərəfli SIV təhlükəsizlik yoxlama prosesini başa vuranlardan ibarətdir" - deyə, Ned Prays bildirib.
Pentaqon rəsmiləri əfqanların tədricən gəlmələrini gözlədiklərini bildirir. Bu da rəsmi şəxslərə növbəti ərizəçi dalğası gəlməzdən əvvəl əvvəlki qrupun viza işlərini bitirməyə kömək edəcək.
Pentaqonun mətbuat katibi Con Kirbi jurnalistlərə bildirib ki, bu şəxslər prossesin son mərhələsindədir. Bu səbəbdən də onlar üçün xüsusi hərbi qərargah qurmağa ehtiyac yoxdur.
Rəsmilər keçən həftə bildirmişdi ki, məqsəd ABŞ-ın silahlı qüvvələrinin avqust ayının sonunda geri çəkilməsindən əvvəl təxminən 18 min əfqanı “Müttəfiqlərin Qaçqın Əməliyyatı” ilə ölkədən çıxarmaqdır.
İlk qrup Fort Lee bazasına gətirilsə də, Müdafiə Nazirliyi ehtiyac olduğu təqdirdə ABŞ-dakı digər qurğuların da istifadəyə verilə biləcəyini bildirib.
Bundan əlavə 4000 digər SIV müraciətçisi də prosses bitdikdən sonra başqa ölkələrə göndərilə bilər.
Əfqanlar ABŞ-a gəldikdən sonra 90 gün müddətinə yemək, geyim və ev əşyaları almaq üçün pul daxil olmaqla, köçürülmə müavinətləri alacaqlar.