Accessibility links

ABŞ Dövlət Departamenti: ABŞ genişmiqyaslı təlimlərlə bağlı şəffaflığın olmaması barədə narahatlığını Azərbaycanla bölüşüb


 ABŞ Dövlət Departamenti
ABŞ Dövlət Departamenti

ABŞ Azərbaycanı hərbi təlimlər keçirərkən onların miqyası və təyinatı haqqında daha ətraflı məlumat verməklə, daha şəffaf olmağa çağırır.

Bu barədə Dövlət Departamentinin silahlara nəzarət sahəsində sazişlərə və öhdəliklərə riayət olunması haqqında Konqresə təqdim etdiyi məruzədə deyilir.

Dövlət Departamentinin məruzəsinə əsasən, Vaşinqton ötən ilin payızında “genişmiqyaslı təlimlərdə şəffaflıq olmaması” ilə bağlı narahatlığını Bakı ilə bölüşüb.

“Vyana sənədinin 9/12 saylı qərarına uyğun olaraq, iştirakçı dövlətlər hər il ən azı bir böyük hərbi təlim haqqında məlumat verməlidirlər. Azərbaycan təlimlər keçirir, amma ən azı ildə bir böyük hərbi təlim haqqında məlumat vermir”, deyə məruzədə bildirilir.

Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirir
Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirir

Öz növbəsində, Azərbaycan hökuməti ATƏT-in Təhlükəsizlik sahəsində Əməkdaşlıq Forumunda bildirib ki, Müdafiə Nazirliyinin veb-saytındakı elanlar Vyana sənədinin çərçivələrini aşan heyət və silahlar haqqında bütün məlumatları ehtiva edir və heç nə gizlədilməyib.

Azərbaycan Müdafiə Nazirliyinin saytında və Azərbaycan KİV-lərində yer alan məlumata görə, ölkədə 2019-cu il martın 11-dən 15-nə qədər geniş miqyaslı təlimlər keçirilib. Bu təlimlərdə 10 000 nəfərə yaxın heyət, 500-ə qədər tank, zirehli texnika və digər nəqliyyat vasitələri, 300-ə qədər raket-artilleriya sistemi və 20 hərbi təyyarə iştirak edib.

Bundan başqa, 2019-cu il sentyabrın 16-dan 20-nə qədər Azərbaycanda 10 000 nəfərə yaxın heyətin, 100-dən çox tank və zirehli maşının, 120 raket-artilleriya sisteminin və 20 hərbi təyyarə və dronun iştirakı ilə növbəti geniş miqyaslı təlimlər keçirilib.

Müdafiə Nazirliyinin saytında və yerli mətbuatda həmçinin 2019-cu il iyunun 7-dən 11-nə qədər Naxçıvanda Türkiyə Silahlı Qüvvələri ilə birgə 5000 hərbi qulluqçunun, 200 tank və digər zirehli texnikanın, 180-nə qədər minaatan və raket artilleriya sisteminin və 21 hərbi təyyarə və helikopterin iştirakı ilə “Sarsılmaz qardaşlıq - 2019” təlimlərinin keçirildiyi barədə məlumat verilib.

XS
SM
MD
LG