Accessibility links

ABŞ Azərbaycan və Ermənistanı gərginliyi azaltmaq üçün dərhal konkret addımlar atmağa çağırır


Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında intensiv döyüşlər barədə məlumatlardan dərin narahatlığını ifadə edib və tərəfləri gərginliyin azaldılması üçün dərhal konkret addımlar atmağa çağırıb. Bu barədə ABŞ Dövlət katibi Antoni Blinkenin açıqladığı bəyanatda bildirilir.

“Birləşmiş Ştatlar bu gün Ermənistan və Azərbaycan arasında intensiv döyüşlər barədə məlumatlardan dərin narahatdır. Biz hər iki tərəfi gərginliyi azaltmaq və bundan sonra eskalasiyanın qarşısını almaq üçün dərhal konkret addımlar atmağa çağırırıq. Biz həmçinin tərəfləri sərhədlərin demarkasiyası da daxil olmaqla bütün həll edilməmiş məsələlərin həlli ilə birbaşa və konstruktiv şəkildə məşğul olmağa çağırırıq” - deyə bəyanatda qeyd edilir.

Dövlət katibi Antoni Blinkenin açıqladığı bəyanatda bildirilir ki, "ATƏT-in Minsk Qrupunun həmsədrlərinin noyabrın 15-də verdiyi bəyanatda qeyd edildiyi kimi, Ermənistan və Azərbaycan arasında son vaxtlar artan gərginlik Dağlıq Qarabağ münaqişəsi ilə bağlı və ya ondan irəli gələn bütün qalan məsələlərin danışıqlar yolu ilə hərtərəfli və davamlı həllinin zəruriliyini vurğulayır".

Noyabrın 15-də ATƏT-in Minsk Qrupunun həmsədrləri - Endrü Şofer (ABŞ), İqor Xovayev (Rusiya Federasiyası) və Bris Rokfeyl (Fransa) Ermənistan-Azərbaycan sərhədində baş verən son gərginliklə bağlı birgə yaydıqları bəyanatda regionda, o cümlədən Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələri dərin narahatlıqla izlədiklərini bildiriblər.

Həmsədrlər tərəfləri 9 noyabr bəyanatı və digər birgə razılaşdırılmış atəşkəs razılaşmalarına əsasən götürdükləri öhdəlikləri tam şəkildə yerinə yetirməyə çağırıb.

XS
SM
MD
LG