"Amerika Birləşmiş Ştatları 3 iyul tarixində Azərbaycan tərəfindən 15 erməni məhbusunun sərbəst buraxılmasını və onların Ermənistana qayıtmasını alqışlayır. Ermənistanın minalardan təmizlənməni asanlaşdıracaq məlumatları Azərbaycanla bölüşmək qərarını da alqışlayırıq."
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin bəyanatında deyilir.
“Bu addımlar 12 iyun tarixində Azərbaycanın erməni məhbuslarını sərbəst buraxması və Ermənistanın minalardan təmizlənməni asanlaşdırmaq üçün Azərbaycana məlumat vermək qərarından sonra baş verdi. ABŞ tərəfindən dəstəklənən və Gürcüstanın vasitəçiliyi ilə həyata keçirilən bu təşəbbüs Ermənistan və Azərbaycan arasında gələcək əməkdaşlıq üçün zəmin yaratdı. ABŞ həmçinin Rusiyanın regional sabitliyi dəstəkləmək səylərini qiymətləndirir.
Amerika Birləşmiş Ştatları bütün tutulanların geri qaytarılması və münaqişə bölgələrinin minalardan effektiv təmizlənməsi üçün lazım olan bütün məlumatların mübadiləsi çağırışlarını davam etdirir. Bölgədəki əməkdaşlığı və həll edilməmiş məsələlərin həllini dəstəkləməyə hazırıq. Biz həmçinin, Ermənistanı və Azərbaycanı ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında danışıqlara qayıtmağa və münaqişənin hərtərəfli və davamlı siyasi həlli üçün danışıqlar aparmağa çağırırıq,” bəyanatda qeyd edilib.
Xatırlama
Azərbaycan Xarici İşlər Nazirliyinin verdiyi məlumata əsasən, iyulun 3-də Rusiyanın təşəbbüsü ilə Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim edib.
Nazirliyin mətbuat xidməti idarəsinin məlumatında mina xəritələrinin alınması üzrə humanitar təşəbbüsün həyata keçirilməsində göstərdiyi vasitəçilik xidmətlərinə görə Azərbaycanın ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanı Rüstəm Muradova təşəkkür ifadə edilib.
Məlumatda deyilir ki, "humanist addım olaraq Azərbaycan tərəfi məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin edilmiş cəza müddəti bitmiş 15 nəfər erməni əsilli şəxsi Ermənistana təhvil verib."
Bundan öncə, iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, Azərbaycan saxladığı 15 nəfər ermənini Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verib.
Rəsmi məlumatlara görə, 2020-ci il noyabrın 10-da döyüşlərin dayandırılması barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı bəyanatdan sonra mina partlayışı nəticəsində Azərbaycanın 24 vətəndaşı həlak olub, yüzdən çox insan yaralanıb.
Rəsmi statistikaya görə, ümumilikdə 2020-ci il də daxil olmaqla, Azərbaycanda 2439 nəfər müharibənin təhlükəli partlayıcı qalıqlarından zərər çəkib, onlardan 383 nəfər ölüb və 2056 nəfər yaralanıb.
Azərbaycanın azad edilmiş ərazisində hazırda ermənilər yaşayan hissədə Rusiya Müdafiə Nazirliyi, azərbaycanıların yaşadığı hissədə isə Azərbaycan Minatəmizləmə Agentliyi, Azərbaycan, Rusiya və Türkiyə hərbi istehkamçıları minatəmizləmə işlərini həyata keçirir.
Ekspertlərin fikrincə, azad edilmiş ərazilərdə yüz minlərlə mina var.
Dağlıq Qarabağda Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.
Münaqişənin nizamlanması üzrə vasitəçilik missiyasını həyata keçirmək məqsədi ilə 1992-ci ildə ATƏT-in Minsk Qrupu yaradılıb. Minsk Qrupu 28 illik vasitəçiliyi dövründə tərəflər arasında barışıq üçün əhəmiyyətli tərəqqiyə nail ola bilməyib.
Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb.
Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.
Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.
Azərbaycanın Ağdam rayonu ərazisində atəşkəs rejiminə nəzarət etmək üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.