Ağ Ev cümə günü bildirib ki, ABŞ Yeni il gecəsi səkkiz cənubi Afrika ölkəsinə tətbiq olunan səyahət məhdudiyyətlərini ləğv edəcək. Keçən ay tətbiq edilən məhdudiyyətlər COVID-19-un omikron variantının yayılmasının qarşısını almaq məqsədi daşıyırdı.
Noyabrın 29-da tətbiq edilən qadağaya əsasən Cənubi Afrika, Botsvana, Zimbabve, Namibiya, Lesoto, Esvatini, Mozambik və Malavidə olmuş, demək olar ki, bütün qeyri-ABŞ vətəndaşlarının ölkəyə girişi qadağan olunmuşdu.
Ağ Evin sözçüsü Kevin Munoz Twitter-də bildirib ki, qərar Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin tövsiyəsi əsasında verilib.
Munoz müvəqqəti səyahət qadağalarının alimlərə virusun yeni variantını araşdırmaq və mövcud peyvəndlərin ona qarşı təsirli olub-olmadığını müəyyən etmək üçün vaxt verdiyini bildirib.
Omikron indi ABŞ-da peyvənd olunanlar da daxil olmaqla insanlar arasında geniş yayılmaqdadır. Xəstəxanaya yerləşdirilənlərin əksəriyyəti peyvənd olunmayan insanlardır.
"Məhdudiyyətlər bizə omikronu detallı araşdırmaq üçün vaxt verdi və biz bilirik ki, mövcud peyvəndlərimiz omikrona qarşı effetkivdir, xüsusən də gücləndirici dozalar" deyə Munoz Twitter bildirib.