Accessibility links

ABŞ-ın Helsinki Komissiyası: Azərbaycan hökumətinin azadlıqları məhdudlaşdırmaqda davam etməsindən dərin narahatlıq keçiririk


ABŞ-ın Helsinki Komissiyasının bəyanatı
ABŞ-ın Helsinki Komissiyasının bəyanatı

ABŞ-ın Helsinki Komissiyasının Nümayəndələr Palatasından olan sədri Alsi L.Hastinqs və həmsədri, senator Rocer Viker Azərbaycanda karantin dövründə insan hüquqlarının pozulması ilə bağlı birgə bəyanatla çıxış edib.

Sənəddə deyilir: “Pandemiya dövründə sağlamlıqla bağlı tədbirlər siyasi motivli repressiyalara haqq qazandıra bilməz. Azərbaycan hökuməti cərimələr, həbslər, təqiblər, işgəncələr vasitəsilə öz xalqının söz, fikir və ifadə azadlığını məhdudlaşdırmaqda davam etməsi barədə məlumatlardan dərin narahatlıq keçiririk. Hakimiyyət bu qlobal böhrandan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləri və başqa fəalların, reportyorların ifadə azadlığını məhdudlaşdırmaq məqsədilə sui-istifadəyə son qoymalıdır. Son həftələrdə Azərbaycan hakimiyyəti ölkənin əsas müxalifət partiyası olan Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) və müxalif “Azadlıq” qəzetinə bağlı şəxsləri həbs edib, istintaqa cəlb edərək dindirib, cərimələyib, işgəncələrə məruz qoyub. Koronavirusun qlobal miqyasda yayılmasından sonra Azərbaycan hakimiyyəti AXCP sədri Əli Kərimlinin telefon rabitəsi və internetə çatımlılıq imkanlarını mütəmadi məhdudlaşdırır, onun ətraf aləmdən təcrid edir, onun mediaya müsahibəsinə imkan verilmir. Ötən həftə müxaliflərdən ibraət koalisiya hakimiyyəti AXCP-nin həbsdə olan üzvü Niyaməddin Əhmədova işgəncə verməkdə ittiham etdi. AXCP-nin digər üzvləri və yazarlar, o cümlədən Aqil Hümbətov, Faiq Əmirli, Səadət Cahangir hakimiyyətin koronavirus pandemiyasıyla bağlı addımlarını tənqid edəndən az sonra karantin rejimini pozmaq ittihamıyla saxlanılıb," sənəddə qeyd edilir.

Öz növbəsində, rəsmi Bakı bir qayda olaraq beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır.

Azərbaycan Daxili İşlər Nazirliyi karantin qaydalarının tətbiqində ayrıseçkiliyə yol verilmədiyini bildirir.

Bununla yanaşı, müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası lideri Əli Kərimlinin artıq bir aya yaxındır internet və telefon əlaqələrinin kəsildiyini bildirir.

Partiyanın məlumatında deyilir ki, Kərimlinin evinə getmək istəyən insanlar, o cümlədən jurnalistlər karantin qaydalarını pozmaq və polisin tələbinə tabe olmamaq ittihamları ilə saxlanılır, təqib edilir.

Aprelin 28-də aXCP sədrinin evinə getmək istəyən jurnalist və bu partiaynın funksioneri polisə aparılaraq cərimə edilib.

AXCP karantin dövründə 16 fəalının, ADR Hərəkatı isə azı üç fəalının həbsə məhkum edildiyini bildirir. Bir çox fəallar isə inzibati qaydada cərimə edilib.

XS
SM
MD
LG