ABŞ-ın Daxili Təhlükəsizlik naziri vəzifəsini icra edən Çad Volf bazar ertəsi işçilərinə istefaya getdiyini bildirib. Bu barədə bazar ertəsi Daxili Təhlükəsizlik departamenti açıqlama verib. Çad Volf Tramp administrasiyasının ötən həftə Birləşmiş Ştatların Kapitoli binasına edilən basqından sonra istefa verən son yüksək vəzifəli rəsmisidir.
Daxili Təhlükəsizlik Departamentinin mətbuat ofisi Volfun vəzifəsini bazar ertəsi 23:59-da tərk edəcəyini, Federal Fövqəladə İdarəetmə Agentliyinin administratoru Pit Qeynorun nazir vəzifəsini icra edəcəyini bildirib..
Prezident Donald Tramp ötən həftə Volfun Daxili Təhlükəsizlik naziri vəzifəsinə nominasiyasını geri götürmüşdü.
Trampın tərəfdarlarının keçən həftənin çərşənbə günü Kapitoliyə hücumu beş nəfərin ölümünə, hüquq-mühafizə orqanlarınınn əməkdaşları arasında onlarla insanın xəsarət almasına səbəb olub. Basqın nəticəsində ABŞ qanunvericilərinin ofisləri talan edilib.