Accessibility links

Netanyahu BMT Baş Assambleyasında çıxış edib


İsrailin baş naziri cümə günü BMT Baş Assambleyasında deyib ki, İsrail oktyabrın 7-də ölkəsinə qarşı terror aktlarını törədən terrorçulara və onların İrandakı havadarlarına qarşı mübarizədə “qalib gəlir”.

“Mənim Tehran tiranlarına bir mesajım var. Siz bizi vursanız, biz də sizi vuracağıq. İsrailin uzun qolunun İranda çata bilməyəcəyi yer yoxdur və bu, bütün Yaxın Şərq üçün belədir”, Benyamin Netanyahu deyib.

Onun sözlərinə görə, İsrail əsgərləri son 11 ay ərzində “inanılmaz cəsarət və qəhrəmancasına fədakarlıqla” döyüşüblər.

“Və mənim bu assambleya üçün və bu salondan kənarda olan dünyaya başqa bir mesajım var: Biz qalib gəlirik”, Netanyahu qeyd edib.

İsrailin baş naziri bəzi ziyarətçilərin xüsusi icazə ilə gəldiyi qalereyada səhnəyə etiraz və dəstək səslərinin yüksəlməsi ilə çıxıb. O, səhnəyə doğru irəliləyərkən bir sıra diplomatlar oturacaqlarından qalxaraq zalı tərk ediblər.

Lakin Netanyahu bundan narahat olmayıb.

O, HƏMAS-ın getməli olduğunu və müharibədən sonrakı Qəzzanın hər hansı idarəetmə strukturunda onların iştirakını qəbul etməyəcəyini açıqlayıb.

““HƏMAS qalmalıdır, müharibədən sonrakı Qəzzanın bir hissəsi olmalıdır” deyənlər - sadəcə təsəvvür edin. İkinci Dünya Müharibəsindən sonrakı vəziyyəti təsəvvür edin. Təsəvvür edin ki, 1945-ci ildə məğlub olmuş nasistlərə Almaniyanı yenidən qurmağa icazə verilir”, o, BMT Baş Assambleyasında deyib. “Bu, ağlasığmazdır. Bu gülüncdür. O vaxt belə olmayıb, indi də olmayacaq”.

Ötən həftə İsraillə İranın dəstəklədiyi Hizbullah döyüşçüləri arasında təhlükəli və ölümcül gərginliyin yaşandığı Livanla bağlı isə Netanyahu deyib ki, İsrail onları məğlub etməlidir ki, minlərlə İsrail vətəndaşı İsrailin şimalındakı evlərinə qayıda bilsin.

“Bu gün bura gəldim ki, deyim bəsdir!. Vətəndaşlarımız sağ-salamat evlərinə qayıdana qədər rahat olmayacağıq. Şimal sərhədimizdə məskunlaşan və 7 oktyabr kimi bir qırğın törədə bilən terror ordusunu qəbul etməyəcəyik”.

Netanyahunun çıxışından qısa müddət sonra İsrail Müdafiə Qüvvələri Beyrutun cənub ətraflarında Hizbullahın qərargahı olduğunu söylədiyi yerə zərbələr endirib.

İsrail lideri bölgədəki vəziyyəti xeyir və şər qüvvələri arasında mübarizə - İsrailin Yaxın Şərqdə terrorizmin şər qüvvələri ilə mübarizə aparması kimi xarakterizə edib.

"Bəli, biz özümüzü müdafiə edirik, lakin biz sizi zorakılıq və terror vasitəsilə həyat tərzimizi məhv etməyə çalışan ümumi düşmənə qarşı da müdafiə edirik", o deyib.

Baş nazir İsraili Qəzzada soyqırımda ittiham edən ölkələri qınayıb.

Sərt mövqeyinə baxmayaraq, İsrailin baş naziri hökumətinin sülh istədiyini deyib. O, ABŞ-ın keçmiş prezidenti Donald Trampın vasitəçiliyi ilə BƏƏ, Mərakeş, Bəhreyn və Sudan ilə sülh paktlarına gətirib çıxaran Abraham razılaşmalarının uğuruna işarə edib. Bunlar əhəmiyyətli sazişlər olsa da, həmin ölkələr İsrailin heç vaxt müharibə etmədiyi dövlətlərdir.

Fələstinlilərin prezidenti Mahmud Abbas Netanyahudan bir gün öncə assambleyada çıxış edərək, xalqının iztirablarına son qoyulmasına çağırıb.

“Bu cinayəti dayandırın. Bunu indi edin. Uşaq və qadınları öldürməyi dayandırın. Soyqırımı dayandırın. İsrailə sülh göndərməyi dayandırın,” Abbas deyib. “Qəzza və İordan çayının qərb sahilində xalqımızın başına gələnlərə görə bütün dünya məsuliyyət daşıyır.”

Cümə günü isə Netanyahunun çıxışından qısa müddət öncə Sloveniya Baş naziri Robert Qolob Assambleyaya deyib ki, o, iki fələstinli qız - Sara və Rand – ilə görüşüb və onlar ona sadəcə olaraq normal həyat istədiklərini deyib və ondan yardım istəyib. O deyib ki, onların mesajlarını Nyu Yorka çatdırmaq vədini yerinə yetirir.

“Mən İsrail hökumətinə açıq-aydın bunu demək istəyirəm: Qan tökülməsinə son qoyun! Iztirablara son qoyun! Girovları evə gətirin və işğala son verin!” Qolob alqış sədaları altında deyib.

Pakistan baş naziri də Netanyahudan bir az öncə çıxış edib. O deyib ki, Qəzzadakı müharibə “hünahsız insanların sistemli şəkildə qətlə yetirilməsi”dir.

“Biz indi hərəkətə keçməliyik və bu qan tökülməsinə dərhal son qoyulmasını tələb etməliyik”, Məhəmməd Şərif alqış səsləri altında deyib.

Forum

XS
SM
MD
LG