Accessibility links

Andres Herkel: Eynulla Fətullayevin həyatına görə narahatam


Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin məruzəçiləri Andres Herkel və Cozef Debon Qrek Azərbaycana dördgünlük səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib.
Məruzəçilər Azərbaycanda söz və mətbuat azadlığı sahəsindəki problemlərin danışıqlarının əsas mövzusu olduğunu bildirib.
Cənab Herkel və Qrek səfərləri zamanı Gəncə şəhərində olub, həbsdə olan jurnalistlərə baş çəkib, hüquq müdafiəçiləri, jurnalist təşkilatları, siyasi partiya rəhbərləri, dövlət rəsmiləri ilə görüşüb.
Andres Herkel bildirib ki, ilk öncə həbsdə olan blogerlər Emin Milli və Adnan Hacızadəyə baş çəkiblər. “Blogerlərin işi dünya mediasının diqqət mərkəzindədir və beynəlxalq ictimaiyyət onların işi üzrə istintaqın ədalətli aparıldığına inanmır. Blogerlərin həbsi Avropa Şurasının insan hüquqları üzrə Komissarı Tomas Hammerberq və Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi Kriştof Ştrasserin də diqqət mərkəzindədir, onlar müvafiq olaraq mart və apreldə Azərbaycana səfər edəcək”.
Məruzəçilər hesab edir ki, hətta blogerlərin işi üzrə istintaqın düzgünlüyünə inanılası olsa belə, yenə də onlara qeyri-adekvat ağır cəza təyin edilib. «Gənc intellektualları həbsə atmaq o qədər də, düzgün seçim deyil”.
Məruzəçilər həmçinin qeyri-hökumət təşkilatlarının fəaliyyəti, xüsusən onların qeydiyyatı ilə bağlı problemləri də müzakirə edib. «Hətta Avropa İnsan Hüquqları Məhkəməsinin bir neçə qərar qəbul etməsinə baxmayaraq, bu problem qalmaqdadır», - deyə cənab Herkel bildirib.
Daha bir problem siyasi qüvvələrin televiziyaya bərabər çıxışının olmamasıdır. Andres Herkel hesab edir ki, müxalifətin sistemli şəkildə efirə çıxışdan məhrum edilməsinə heç cür bəraət verilə bilməz. Parlament seçkiləri ilində televiziyaya bərabər çıxış xüsusilə vacibdir».
Növbəti problem kimi o, məhkəmə qərarlarının icra edilməməsi təcrübəsinin yayılmasını qeyd edib. «Ədliyyə naziri etiraf etdi ki, belə problem mövcuddur və xüsusən, əmlak hüquqları haqqında məhkəmə qərarları üzrə daha ciddidir. Bizə deyiblər ki, problemin həlli üzrə xüsusi tədbirlər hazırlanır».
Məruzəçilər jurnalistlərin sualının cavabında prezident İlham Əliyevin qaldırılan məsələlərə reaksiyasından da danışıb. Cənab Herkel qeyd edib ki, AŞPA nümayəndələri prezidentlə blogerlərin işi, məhkəmə qərarlarının icra edilməməsi, ümumilikdə plüralist demokratiyanın təmin edilməsi ilə bağlı problemlərdən danışıb. «Hesab edirik ki, bu sahələrdə böyük problemlər var, hərçənd ki, Azərbaycan prezidenti böyük problemlərin olmadığını düşünür».
Məruzəçilər blogerlərin işi ilə yanaşı “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin işi və “Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru Eynulla Fətullayevə qarşı yeni ittiham haqqında da məsələ qaldırdıqlarını deyib. “Eynulla Fətullayevə qarşı qaldırılan yeni cinayət işi də, kifayət qədər şübhə doğurur. Açıq demək istəyirəm, Eynulla Fətullayevin həyatına görə narahatam. Çox istərdim, ümid edim ki, narahatlıqlarım əsassız çıxacaq. Hakimiyyət nümayəndələri cənab Fətullayevin taleyi ilə bağlı narahatlığıma cavabda bildirdilər ki, Avropa Məhkəməsinin baş redaktorun işi üzrə ədalətli qərar qəbul edəcəyini gözləyirlər. Yenə də, ümid edirəm ki, Eynulla Fətullayev jurnalist fəaliyyətini davam etdirməyə müvəffəq olacaq», - deyə cənab Herkel narahatlığını ifadə edib.
Məruzəçilər hesabatlarının ilkin variantını martın 17-də Azərbaycan hökumətinə təqdim edəcəklərini bildirib. Məruzənin yekun variantı AŞPA-nın yay sessiyasına təqdim ediləcək.

XS
SM
MD
LG