Accessibility links

“Azadlıq” qəzetinin müxbirini bıçaqlayan şəxslər hələ tapılmayıb


Redaktorlar Birliyi martın 13-də bıçaqlanmış “Azadlıq” qəzetinin müxbiri Aqil Xəlillə bağlı müzakirə keçirib. "Azadlıq" qəzetinin direktoru Azər Əhmədov bildirib ki, hüquq-mühafizə orqanları faktın araşdırılmasında fəallıq göstərmir. Onun sözlərinə görə, jurnalistə qarşı fevralın 22-də baş vermiş hücumla bağlı da cinayət işi başlanmalıdır. Mətbuat Şurasının sədri Əflatun Amaşov Baş Prokurorluğa və DİN-ə müraciət etdiyini bildirib. Cənab Amaşov istintaq işlərinin nəzarət altında olduğunu deyib. “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu hökumətin nəzarəti altında olan bəzi televiziyalarda fiziki təzyiqə məruz qalmış jurnalistə qarşı mənəvi təzyiqlər edildiyini diqqətə çatdırıb. O bununla bağlı bəyanat qəbul edilməsini təklif edib. “Turan” Agentliyinin direktoru Mehman Əliyev jurnalistin mövqeyindən asılı olmayaraq iş üzrə ölümə cəhd ittihamı ilə araşdırma aparılmasının vacibliyini bildirib. Maraqlıdır ki, Redaktorlar Birliyinin toplantısından bir qədər sonra jurnalist xəstəxanadan evə buraxılıb. Şöbə müdiri Zaur Məmmədli jurnalistin öz xahişi ilə xəstəxananı tərk etdiyini bildirib. Müalicə həkimi Sədi Abbasov isə jurnalistin həyatına təhlükə olmadığını deyib. Cənab Xəlil ağrılarının qaldığını və xəstəxanada müalicə almaq üçün "dözülməz şərait" olduğundan valideynlərinin istəyi ilə tərk etdiyini bildirib. Bu gün müstəntiqlər jurnalisti xəstəxanadan birbaşa hadisə yerinə gətirib. Hadisə yerində təhqiqat işləri aparılıb. Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsinin rəisi Yaşar Haqverdiyev “Azəripress” Agentliyinə bildirib ki, fakt üzrə başlanmış cinayət işininin istintaqının obyektiv aparılacağına heç kimdə şübhə olmasın. “Cinayət işinin istintaqının davam etdirilir, baş verən hadisədə təqsiri olan şəxslər müəyyənləşdiriləcək. Faktla bağlı artıq jurnalistdən ifadə alınıb”-deyə o qeyd edib.
XS
SM
MD
LG