Accessibility links

Nikolae Ureke: Dağlıq Qarabağ münaqişəsi Avropanın təhlükəsizliyinə ciddi zərbədir



Rumıniyanın Azərbaycandakı səfirliyi, Azərbaycan Avropa Hərəkatı və NATO Əməkdaşlıq İnstitutu “Avropa Təhlükəsizlik Sistemi və NATO” mövzusunda konfrans keçirib. Konfransda əsas məruzə ilə NATO-nu Azərbaycanla əlaqələndirici ölkə, Rumıniyanın Bakıdakı səfiri Nikolae Ureke çıxış edib.

O bildirib ki, Qafqazdakı Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya və Moldovadakı Dnestryanı münaqişələr Avropanın təhlükəsizlik sisteminə ciddi zərbədir. Onun fikrincə, keçmiş SSRİ məkanında dondurulmuş münaqişələr həm Avropa, həm də regionun inkişafında maneədir.“Bu münaqişələr Avropada təkmil təhlükəsizlik sisteminin başa çatdırılmasına imkan vermir. Avropanın təhlükəsizlik sisteminin başa çatdırılması və regionda stabilliyin bərqərar olması üçün bu münaqişələr tezliklə həllini tapmalıdır”.

Səfir NATO - Azərbaycan əməkdaşlığının prioritetlərindən də danışıb. Onun fikrincə, üzv olmaq üçün ölkənin hərbi sistemi NATO standartlarına cavab verməli, demokratiya və insan haqları tam qorunmalı, azad və güclü iqtisadiyyatı olmalıdır. “Bu üç kriteriya tam yerinə yetirildikdən sonra ölkə NATO-ya üzv ola bilər”.

Cənab Ureke hesab edir ki, NATO-ya üzvlük Azərbaycanın milli təhlükəsizliyinə ciddi töhfə olar. “NATO-ya üzvlük Azərbaycana nə verə bilər? Tam milli təhlükəsizlik, yəni Azərbaycan üzv ölkələrin malik olduğu milli təhlükəsizliyə malik ola bilər. Hər-hansı üzv ölkəyə xarici təcavüz olarsa, NATO-nun bütün üzvləri onu müdafiə edir. Belə milli təhlükəsizlik dünyadakı bütün hakimiyyətlərə və dövlətlərə lazım olan ən mühüm mexanizmdir”.

Səfir eyni zamanda, Azərbaycanın da NATO-ya ciddi töhfələr verə biləcəyini düşünür. “Bəs Azərbaycan üzv kimi NATO-ya nə verə bilər? Azərbaycan NATO-nun Cənubi Qafqazda strateji nöqtəsidir, çox önəmli tranzit yollar buradan keçir. Azərbaycan beynəlxalq sülhün təminatçısı kimi Əfqanıstana sülhməramlılar göndərib və bu ölkənin digər problemlərinin həllində iştirak edə bilər. Azərbaycan Avropanın enerji təhlükəsizliyində böyük rola malikdir, böyük neft və qaz təminatçısıdır. Azərbaycanın böyük üstünlüyü onun Avropaya yeganə enerji tranziti məkanı olmasıdır. Azərbaycan həm də beynəlxalq terrorizmlə mübarizədə dəstək verir”.

Cənab Ureke bildirib ki, NATO insan haqları və demokratiya sahəsində Azərbaycana heç bir yardım etməyəcək. “Bu və ya digər ölkədə insan haqlarının müdafiəsi NATO-nun işi deyil. Demokratiya və insan haqları ölkələrin öz problemidir. NATO standartları yalnız demokratiya və insan haqlarının yüksək səviyyəsinə cavab verir”.

O, Qara dəniz hövzəsi, Cənubi Qafqaz və Yaxın Şərq ölkələrinin NATO-nun diqqətində olduğunu bildirib. “Yaxın Şərq münaqişəsi də təhlükəsizliyə ciddi maneədir. Beynəlxalq terrorçuluq, radikal islam təşkilatları təhlükəsizliyə təhlükə yaradır, regionun stabilləşməsinin, demokratikləşməsinin qarşısını alır”.

Cənab Ureke NATO-nun İraq və Əfqanıstanda demokratik institutların inkişafına təkan verdiyini deyib. “İraq demokratik dəyişikliklərə can atır, Əfqanıstanda isə demokratik dəyişikliklər var. İran inkişaf etmiş ölkədir. Ancaq təhlükəsizliyin qarşısını alır. Hesab edirəm ki, Yaxın Şərqdə dəyişikliklər Avropanın təhlükəsizliyinə töhfə verəcək”.

Səfir NATO-nun dünyanın təhlükəsizlik sistemində rolu, təşkilat daxili islahatlar, NATO - Avropa İttifaqı, NATO –BMT - Avropa İttifaqı əməkdaşlığı barədə geniş məlumat verib. Onun sözlərinə görə, Şərqi Avropa, Cənubi Qafqaz ölkələri artıq NATO-nun təhlükəsizlik sisteminə qoşulub. “NATO bu ölkələrlə əməkdaşlıqda maraqlıdır”.

Norveçin Azərbaycandakı səfiri Yonq Romber isə Azərbaycanın rəsmi səviyyədə NATO ilə əməkdaşlıqda çox maraqlı olduğunu bildirib. “Lakin bu əməkdaşlıq ictimai səviyyədə özünü büruzə vermir. Məhz bu da demokratiyaya təhlükə yaradır”.

Cənab Romber Norveçin Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyünü dəstəklədiyini bildirib. “NATO ölkələri bu ölkələrdə hərbi sistemin standartlara uyğunlaşdırılması, demokratiya və bazar iqtisadiyyatının inkişafına kömək edir. Ola bilsin ki, gələcəkdə bu ölkələr NATO-ya üzv olsun. Azərbaycanın isə prioriteti hələ NATO-ya üzvlük deyil. Azərbaycan da NATO standartlarını inkişaf etdirməlidir”, - deyə səfir qeyd edib.

Azərbaycan Avropa Hərəkatının prezidenti Surxan Lətifov hesab edir ki, Avropa İttifaqı vahid təhlükəsizlik məkanı kimi çıxış edir. Onun fikrincə, hazırda dünyada olan dörd mənbə Avropa Təhlükəsizlik sistemi üçün birbaşa təhlükə yaradır.

Ekspert hesab edir ki, dünyada 4,2 milyon kvadrat kilometr ərazini əhatə edən Avropa Birliyi ikinci bir güc mənbəyinə çevrilir. “Genişlənməkdə olan Avropa Birliyinin yeni qonşuları narahatlıq mənbəyinə çevrilib”.

XS
SM
MD
LG