Bakı Siyasi Təsir və Araşdırmalar Mərkəzinin rəhbəri İlqar Məmmədov Azərbaycan prezidentinin Moskva səfərini siyasi yekunları və Gürcüstanda keçiriləcək NATO təlimlərinin regionda doğuracağı təsirlərlə bağlı “Amerikanın səsi” radiosuna müsahibə verib.
Sual: Azərbaycan prezidentinin Moskva səfərinin yekunlarına münasibətiniz necədir. Bu Azərbaycanın xarici siyasət kursuna dəyişiklik gətirə bilərmi?
Cavab: Uzun müddətdir ki, Azərbaycan xarici siyasətini yeni istiqamətdə qurur. Bu proses İlham Əliyevin birinci seçkilərindən sonra başlayıb. Azərbaycanın Rusiyaya meyllənməsinin səbəbi isə əsasən İlham Əliyevin qərbin yanaşmasından məmnun olmamasıdır. İndiyədək Azərbaycan bəyan edirdi ki, xarici siyasətinin əsas prioriteti Avro-atlantik məkana inteqrasiyadır. Bu bir sıra sənədlərdə də əksini tapıb. Ancaq, indi Azərbaycan rəsmiləri açıq elan edir ki, bu kurs Azərbaycana heç nə verməyib. Dağlıq Qarabağ işğal altındadır və qərb münaqişənin ədalətli həllində hər hansı kömək etmir. Ona görə də, Rusiyaya meylləniblər.
Sual: Xarici siyasət kursunun Rusiyaya meyllənməsi Ermənistan-Azərbaycan münaqişəsinin həllinə kömək edə bilərmi? Son zamanlar həm də Azərbaycanın xarici siyasət kursunda daha çox vektorluluqdan söhbət gedir.
Cavab: İnanmıram ki, bu yol Dağlıq Qarabağın Azərbaycana qaytarılmasına kömək edəcək. Münaqişənin həlli bir çox başqa amillərdən asılıdır. Bu məsələlərin böyük bir qisminin həlli Azərbaycanın öz üzərinə düşür. Lakin bu, indiyədək edilməyib. O cümlədən, demokratik standartlara uyğunluq, Azərbaycanın Türkiyə ilə daha sıx əməkdaşlıq etməsi. Biz Türkiyədən. Avropadan, Amerikadan ayrı düşürük, demokratiya sahəsində geriləyirik. Əvəzində Rusiya ilə yaxınlaşırıq. Bütün bunların nəticəsində Azərbaycan Rusiyadan həm də asılı vəziyyətə düşür. Düşünmürəm ki, Rusiya asılı bir dövlətə strateji və tarixi müttəfiqi olan Ermənistanın ziyanına kömək etsin.
Sual: Azərbaycanın xarici siyasət diplomatiyası müxtəlif vektorlu siyasətlər arasında balans yaratmaq gücündədirmi?
Cavab: Təəssüf ki, Azərbaycan balanslı siyasət kursundan uzaqlaşaraq Rusiyaya yaxınlaşır. Düşünmürəm ki, Azərbaycan xarici siyasətində uzun müddət tarazlığı saxlaya bilərdi, necə ki, bunu saxlaya bilmədi. Hesab edirəm ki, Azərbaycanın yerləşdiyi geosiyasi məkanda dövlətin tarazlı xarici siyasət kursu yaxşı bir hərərkət olardı. Ancaq o da məlumdur ki, Azərbaycanın yerləşdiyi regiondakı dövlətlər kiminləsə yaxın dostdur. Bu mənada Azərbaycan da böyük geosiyasi mərkəzlərin birində üzv olmalıdır.
Sual: Rusiya prezidenti NATO-nun Gürcüstanda keçiriləcək hərbi təlimlərini qəbul etmədiyini bildirib. NATO-nun Gürcüstanda keçiriləcək hərbi təlimləri regionda yeni hərbi-siyasi qarşıdurma üçün əsas ola bilərmi?
Cavab: NATO-nun təlimləri yox, amma Rusiyanın məqsədlərinə Gürcüstanı Qafqazın xəritəsindən silmək istəyi daxildir. Ən azı, Rusiya Gürcüstanı parçalamaq istəyir. Bu baxımdan, hər hansı bəhanə bu planın reallaşması üçün bəhanə ola bilər.