BMT-nin Uşaq Təşkilatı - YUNİSEF-in
2008-ci il üçün dünyada uşaqların durumuna dair açıqladığı hesabatda Azərbaycan
77-ci yerdədir. Hesabata görə, Azərbaycanda hər 1000 doğulan uşaqdan 34-ü bir
yaşa çatmadan ölür. Azərbaycan uşaq ölümünə görə postsovet ölkələrindən yalnız
Türkmənistan, Özbəkistan və Tacikistanı qabaqlayır. Sənəddə deyilir ki,
Azərbaycanda uşaq ölümünə dair rəsmi statistika ilə reallıq arasında fərq
mənfiyə doğru böyükdür.
Azərbaycanın baş pediatrı Nəsib Quliyev
"Amerikanın səsi" radiosuna bildirib ki, YUNİSEF-in hesabatı reallığı əks
etdirmir. Azərbaycanda rəsmi statistikaya görə, hər 100 uşaqdan 10,2 faizi
dünyasını dəyişir. Cənab Quliyevin dediyinə görə, YİNİSEF-in hesabatları öz
məqsədlərinə xidmət edir və özləri üçün də aydın deyil.
Bununla yanaşı, Uşaq Hüquqlarını Müdafiə Liqasının sədri Yusif Bəkirov hesab edir ki, YUNİSEF-in hesabatı reallığı əks etdirir. Onun sözlərinə görə, Azərbaycan büdcəsində səhiyyə xərcləri azdır və uşaqlara ayrılan vəsait onların problemlərinin həlli üçün bəs etmir.
Ekspertin qənaətincə, ölən uşaqların əksəriyyəti yoxsul ailələrdə anadan olanlardır. Çünki, bu ailələrin vəsaiti uşağın səhiyyə xərclərinə bəs etmir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq problemləri şöbəsinin müdir müavini Ceyran Rəhmətullayeva bunun əksini deyir. Onun fikrincə, Azərbaycan hökuməti ailə və uşaqlarla bağlı çoxsaylı dövlət proqramları həyata keçirir.
Xanım Rəhmətullayevanın sözlərinə görə, ölkə əhalisinin 29,9 faizini uşaqlar təşkil edir və bu il Azərbaycanda uşaq ili elan edilib. Çoxuşaqlı ailələrin və qadınların sosial vəziyyətinin daha da yaxşılaşdırılması ilə bağlı dövlətin qərarlar qəbul edəcəyi gözlənilir.
Cənab Bəkirov isə hesab edir ki, qadınların sosial müdafiəsi çox zəif təşkil olunub. Eyni zamanda, uşaqların qidalanmasının pulsuz təşkili bərpa edilməlidir. Çünki bir çox ailələr uşaqların normalara uyğun qidalanmasını təşkil edə bilmir.
Xanım Rəhmətullayevaya görə isə uşaqlarla bağlı əsas problem uşaq müdafiə sisteminin olmamasıdır. Onun sözlərinə görə, hazırda ölkədə 17 min kimsəsiz uşaq var, çoxuşaqlı ailələrin müdafiəsi zəif təşkil edilib.