Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, ölkənin 2032 kolxoz və sovxozundan cəmi 2 təsərrüfatında torpaq isalahatı başa çatdırılmayıb. Onun sözlərinə görə, ölkədə 2744 bələdiyyə fəaliyyət göstərir və yalnız 52 bələdiyyənin torpaqlarının sərhəd hüdudları tam dəqiqləşdirilməyib. Komitə sədri xəritəçəkmə məsələlərinə də toxunub. Onun sözlərinə görə, hazırda rəqəmli xəritələr istehsal olunur. Bu xəritədə hər hansı bir nöqtənin dəqiq kordinatları movcuddur . Cənab Məmmədovun dediynə görə, bu ildən başlayaraq Azərbaycanda MDB məkanında ilk dəfə olaraq müasir naviqasiya sistemi yardılmasına başlanacaq. Dünya bankı ölkədə topoqrafiya, kadastr sisteminin qurulması və navıiqasiya sistemi üçün 15 milyon ABŞ dolları kredit ayırıb. Komitə sədri ölkədə 3,5 milyon subyektə aid 250 min həyətyanı torpaq sahəsi olduğunu deyib. «Cari ildə torpaq resuslarından qeyri-qanuni istifadəyə görə 2550-dən artıq qanun pozuntusu aşkar edilib. Onlardan təxminən 1550-i bələdiyyə torpaqlarında, 603-ü dövlət torpaqlarında, 300-ü xüsusi mülkiyyətdə olan torpaqlarda müəyyən edilən qanun pozuntularıdır. Baş verən pozuntulardan 1700-nün qarşısı alınıb, 101-i hal üzrə hüquq-mühafizə orqanlarına müraciət olunub». Cənab Məmmədov Azərbaycanın sərhədlərinin delimitasiya və demarkasiya məsələləri barədə də məlumat verib. Onun sözlərinə görə, Xəzər dənizinin dibinin bölünməsi üzrə Azərbaycan, Rusiya və Qazaxıstanın mövqeyi üst-üstə düşür.