Accessibility links

Azərbaycanda seçki qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı ictimai forum keçirilir (audio)


Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi "Seçki Məcəlləsinin təkmilləşdirilməsi üzrə ictimai ehtiyacların öyrənilməsi" mövzusunda ictimai forum keçirib. Böyük Britaniya hökumətinin maliyyə dəstəyi əsasında həyata keçirilən forum gələcəkdə də silsilə şəklində davam etdiriləcək.
İctimai forumda mövcud seçki praktikası, seçki qanunvericiliyinin dəyişdirilməsi, problemlər müzakirə edilib. Çıxış edənlər ölkədə demokratik, azad və ədalətli seçkilərin keçirilməsi üçün ilkin olaraq siyasi iradənin vacibliyini qeyd edib.
"Azərbaycanda seçki ilə bağlı "SOS" siqnalı çalınmalıdır. Hazırkı siyasi rejim ölkədə seçkini bütövlükdə aradan qaldırmağa doğru gedir, seçki institutu bütövlükdə məhv olur". Bu bəyanatı "Demokrat" Partiyasının sədr müavini Taliyyət Əliyev verib.
Onun fikrincə, 2002-ci ildə proporsional seçki sistemi ləğv edildikdən sonra siyasi partiyaların zəifləməsi başlayıb. "Bununla da iqtidar ölkədə seçkinin ləğvinə doğru addımlar atmağa başladı", -deyə o qeyd edib.
Forumda seçki qanunvericiliyinin təkmilləşdirilməsi və ya yenidən işlənməsinin vacibliyi də qeyd edilib. "Azərbaycan seçki qanunvericiliyini təkmilləşdirməklə bağlı Avropa Şurası və ATƏT qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməli və bu təşkilatların tövsiyələrini nəzərə almalıdır", - deyə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli bildirib.

Onun dediyinə görə, seçki qanunvericiliyi ilə bağlı təkliflər işləmək üçün müstəqil hüquqşünaslardan ibarət işçi qrupu yaradılıb. İşçi qrup ictimai müzakirələr zamanı ictimaiyyətin fikirlərini öyrənib qanunvericiliyə dəyişikliklərlə bağlı təkliflər paketi hazırlayacaq.
Çıxışlarda və müzakirələr zamanı seçki institutu ilə yanaşı, seçki prosesinə təsir edən institutların inkişaf etdirilməsi məsələsi də diqqət mərkəzində olub. "Sərbəst toplaşmaq azadlığının, media azadlığının, plüralist elektron medianın, məhkəmələrin müstəqilliyinin təmin edilməsi demokratik, azad seçkilərin əsas şərtlərindəndir", - deyə hüquqşünas Ələsgər Məmmədli bildirib.
Deputat Nəsib Nəsibli hesab edir ki, seçkilərə siyasi münasibətdə və qanunvericilikdə dəyişiklik olmazsa, bu il keçiriləcək bələdiyyə və gələn il keçiriləcək parlament seçkilərinin demokratik olacağına ümid bəsləmək əbəsdir.
Deputat problemin qanunvericilik deyil, siyasi problem olduğunu bildirib. O, son dövrlər iqtidarın qanunvericiliyə mənfi çalarlı dəyişikliklər etdiyini diqqətə çatdırıb. "Bunlar Sovet Azərbaycanı modelini qurmaq həvəsinə düşüb. Qarşılıqlı siyasi mübarizə olmazsa, bu hökumət "son qələbəyədək" gedəcək", - deyə deputat qeyd edib.
Forumda həmçinin əsgər və məhbusların səsvermədə iştirakının ləğv edilməsi, seçici siyahısının tərtibinin metodologiyasının dəyişdirilməsi, seçki komissiyalarının təşkili məsələsinə yenidən baxılması, proporsional seçki sisteminin bərpası və konstitusiya islahatları aparılması barədə təkliflər səslənib.
Çıxışlarda seçkilərdə təşviqat vaxtının və efir vaxtının azaldılması tənqid edilib. "Dünyada tənqidə məruz qalan İran seçkilərində hər bir namizədə 17 saat birbaşa efir vaxtı verilib. Azərbaycanda isə son referendum zamanı hər bir təşviqat qrupuna cəmi 40 dəqiqə efir vaxtı ayrıldı", - deyə Demokrat Partiyasının sədr müavini Taliyyət Əliyev bildirib.
Forumda beynəlxalq təşkilatların Azərbaycanda fəaliyyəti də tənqid edilib. Deputat Nəsib Nəsibli neft gəlirlərinin artmasının beynəlxalq təşkilatlara təsir etdiyini diqqətə çatdırıb. "Mənfəət nefti əldə edildikdən sonra demokratiya sahəsində vəziyyət daha da pisləşib. Hətta beynəlxalq təşkilatlar da bəzən bunun müqabilində susur. Artıq demokratik müxalifət hakimiyyətə alternativ deyil. Hakimiyyətə alternativ məscidlər idi. İndi bu səbəbdən məscidləri də bağlayırlar", - deyə o vurğulayıb.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu aktiv siyasi mühitin Azərbaycandakı siyasi partiyalar tərəfindən yaradılmasının vacibliyini önə çəkib. Onun fikrincə, xarici təşkilatları tənqid etmək düzgün deyil. "Siyasi partiya rəhbərləri regionlara gedib seçicilər qarşısına çıxmalıdır. Onlar özlərinə qarşı olacaq təzyiqlərdən çəkinməməlidir. İranda da belə oldu, ancaq cəmiyyət hökumətə gücünü nümayiş etdirdi", - deyə o bildirib.
Hüquq müdafiəçisi həmçinin seçkilərdə və rəsmi vəzifələrdə qadınlara 30 faizlik kvota müəyyən edilməsinin tərəfdarıdır. "Əhalinin yarıdan çoxunu qadınlar təşkil edir. Onlar həm də siyasi fəaldırlar. Bunun qarşılığında isə cəmi 13 deputat qadın var".


XS
SM
MD
LG