Somalidə BMT-nin Ərzaq Təşkilatının (FAO) girov götürülən əməkdaşlarından biri Azərbaycan vətəndaşıdır. Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Aqşin Mehdiyev “AzəriPress” agentliyinə girov götürülənlərdən birinin Azərbaycan vətəndaşı Mirağa Babayev olduğunu deyib.
Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmisi Elxan Poluxov bildirib ki, Azərbaycan vətəndaşının azad edilməsi ilə bağlı işlər aparmaq üçün Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinə və Misirdəki səfirliyə tapşırıqlar verilib.
BMT-nin açıqlamasına görə, Moqadişidən 340 km aralı Vavcud yaşayış məntəqəsindəki hava limanı yaxınlığında BMT-nin 3 işçisi və tərcüməçi naməlum şəxslər tərəfindən girov götürülüb. Girov götürülənlər BMT-nin Yardım və Ərzaq Proqramının işçiləridir.