Aprelin 13-dən 22-dək Azərbaycanda əhalinin siyahıyaalınması keçiriləcək. Sorğu anketinə 35 sual daxil edilib. Sualların 29-u şəxsin özü, 6-sı isə mənzil şəraiti ilə bağlıdır. Bu barədə Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, siyahıyaalma üzrə hazırlıq işləri tam başa çatıb.
Komitə sədri siyahıyaalmanın ölkədə yaşayan bütün insanları əhatə edəcəyini deyib. Xaricdə yaşayan Azərbaycan vətəndaşları isə səfirliklər vasitəsi ilə siyahıya alınacaq.
Cənab Vəliyev mayın 2-ci yarısından başlayaraq siyahıyaalma üzrə sorğu anketlərinin Dövlət Statistika Komitəsində toplanacağını deyib. Komitədə 200 işçi sorğu vərəqlərini kompüterə daxil edəcək və bir il ərzində araşdırmalar aparılacaq. Araşdırmalar başa çatdıqdan sonra siyahıyaalmanın yekunları dərc ediləcək. Siyahıyaalmanın yekunları ilə bağlı 10 cildlik kitab və 1 ümumi məlumat kitabı nəşr ediləcək.
O, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ regionunda siyahıyaalma keçirilməsinin mümkün olmayacağını bildirib. “Dağlıq Qarabağda 1989-cu ildə yaşayan 120 min insanın sayı avtomatik olaraq siyahıyaalmanın yekunları ilə bağlı sənədlərə daxil ediləcək”.
Cənab Vəliyev ölkədə 2009-cu il aprelin 1-dək 8 milyon 753 min vətəndaş olduğunu bildirib. Onun sözlərinə görə, hazırda əhalinin həm fiziki, həm də mexaniki artımı qeydə alınır.
Bununla yanaşı, müstəqil ekspertlər siyahıyaalmanın hərtərəfli və əhatəli keçiriləcəyinə şübhə ilə yanaşır. Demoqrafiya məsələləri üzrə ekspert Rövşən Ağayev 1999-cu ildə tədbirin çox qüsurlu keçirildiyini yada salır.
Cənab Ağayev hesab edir ki, 13 aprel siyahıyaalmasına hazırlıq işləri yaxşı təşkil edilib. Ancaq sorğular bütün insanları əhatə etməli insanların bütün ehtiyacları öyrənilməlidir. Sorğunun nəticələri həmçinin gələcəkdə qəbul ediləcək dövlət sənədləri üçün dəqiq informasiya mənbəyi rolunu oynamalıdır.