Accessibility links

Seyid Cəfər Pişəvərinin anadan olmasının 117-ci ildönümüdür


Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq institutu, Dünya Azərbaycanlıları Konqresi və “21Azər” təşkilatının dəstəyi ilə Yazıçılar Birliyinin Natəvan klubunda Güney Azərbaycanda 1945-1946-cı il milli hökumətin banisi Seyid Cəfər Pişəvərinin anadan olmasının 117-ci il dönümü münasibəti ilə elmi konfrans keçirilib. Konfransda tarixçi alimlər, siyasi, ictimai xadimlər, diaspor təşkilatlarının rəhbərləri, yazıçılar, Dünya Azərbaycanlıları Konqresinin rəhbərliyi, tələbələr, milli fəallar iştirak edib. S.C.Pişəvərinin həyat və yaradıcılığından, milli hökumətin bugünkü Güney Azərbaycan milli azadlıq hərəkatına təsiri və Pişəvərinin haqqında yazılan kitablar barədə çıxışlar edilib. Tədqiqatçı alim Əkrəm Rəhimlinin (Bije) Pişəvərinin həyat və fəaliyyəti əks olunmuş yeni kitabının təqdimatı olub.
Milli Elmlər Akademiyasının Şərqşünaslıq institutunun direktoru Gövhər Baxşəliyeva S.C.Pişəvərinin rəhbərlik etdiyi Azərbaycan Demokrat Firqəsinin mövcud olduğu bir il ərzində Güney Azərbaycanda siyasi, mədəni və kənd təsərrüfatı sahəsində böyük islahatlar aparıldığını bildirib. “Bu hökumət Azərbaycan dilini dövlət dili elan etdi, Azərbaycanda dilli universitet açdı, filarmoniya yaratdı, torpaqları kəndlilərə payladı”.
Onun fikrincə, Pişəvəri hərəkatı fitnəkarlıq və xəyanət nəticəsində devrilsə də, böyük tarixi əhəmiyyətini hələ də özündə saxlayır. ”Bu hərəkat Azərbaycan xalqının müstəqillik və azadlığı uğrunda mübarizəsinin davamı üçün əsas yaratdı və nəhayət 1991-ci ildə müstəqillik bayrağı qaldırıldı”.
“Seyid Cəfər Pişəvəri firqə tərəfdarı deyildi, Azərbaycan xalqının müstəqillik yolunu, demokratik dövlət modelini axtaırırdı”. Bu fikirlər də konfrans boyu səslənib.
“S.Cəfər Pişəvərinin idealı sinfi birlik deyil, milli birlik idi. Bu gün də İran adlanan ölkədə Səttarxan, Pişəvəri ideyaları uğrunda mübarizə davam edir. İran rejimi azərbaycanlıların milli-mədəni hüquqlarını əlindən alıb. Amma, Azərbaycan xalqı mübarizəsini uğurla davam etdirib ideallarına çatacaq. ”, - deyə Dünya Azərbaycanlıları Konqresinin sədri Sabir Rüstəmxanlı bildirib.
O həmçinin Milli Elmlər Akademiyasının nəzdində Cənubi Azərbaycan institutunun yaradılmasının vacibliyini bildirib.
Böyük Britaniyanın Edenburq Universitetinin doktoru Qulamrza Səbri Təbrizi İrandakı hazırkı rejimə qarşı mübarizəyə işarə edərək Səttarxan, Pişəvəri hərəkatının davamçılarının, indi də, küçələrdə milli haqları uğrunda mübarizə apardığını deyib. “Səttarxan, Pişəvəri davamçıları Təbrizdə, Zəncanda, Tehranda, Ərdəbildə, Urmiyada küçələrdə azadlıq hayqırır”.
Konfransda həmçinin, Pişəvərinin xatirəsinin əbədiləşdirilməsi, onun siyasi və dövlətçilik fəaliyyətinin tədqiqi, ədəbi əsərlərinin nəşri ilə bağlı məsələlər də qaldırılıb.
Dünya Azərbaycanlıları Konqresinin Daimi Şurasının sədri Əjdər Tağızadə Pişəvərinin dövlətçilik ideologiyasının əsasında demokratiyanın durduğunu deyib. Onun ideologiyasında dünyaya nümunə olacaq Azərbaycan türklərinin demokratik dövlət modeli dururdu. “O nə solçu, nə də sağçı idi. O bu ideologiyalardan istifadə edərək demokratik Azərbaycan dövlətini qurmağı qarşısına məqsəd qoymuşdu. Pişəvəri ideyaları indi də aktualdır və Azərbaycan xalqı nəhayətdə bu ideala çatacaq”, - deyə Ə. Tağızadə qeyd edib.
Konfransın sonunda tədbir iştirakçıları Fəxri Xiyabanda Seyid Cəfər Pişəvərinin məzarını ziyarət edib.
Azərbaycan Demokrat Firqəsinin rəhbəri Seyid Cəfər Pişəvəri 1892-ci ildə Cənubi Azərbaycanın Xalxal mahalının Zeyvə kəndində yoxsul kəndli ailəsində anadan olub. 1905-ci ildə Bakı şəhərinə mühacirət edib. Bakının Bülbülə kəndində təhsilini davam etdirib. 1913-cü ildən 1917-ci ilə qədər Xırdalan qəsəbəsində müəllimlik edib. Bakıda nəşr olunan "Açıq söz" qəzetində məqalələrlə çıxış edib. 1918-ci ildən "Azərbaycan Cüzilayənfəki-İran" qəzetində əməkdaşlıq edir, İran xalqlarının ağır vəziyyətini aradan qaldırmaq üçün mübarizə yollarını göstərən siyasi məqalələrlə çıxış edir.
1919-cu ildə İran "Ədalət" Firqəsinin Bakıda açılmış "İttihad" mədrəsəsində müəllim işləyir. Bakıda inqilab rəhbərləri olan Nəriman Nərimanov, Bəhram Ağazadə və başqaları ilə əlaqə yaradır.
İran Ədalət Firqəsi Mərkəzi Komitəsinin orqanı olan "Hürriyyət" qəzetinin redaktoru olur. Bu qəzetdə çürümüş şahlıq üsul-idarəsinin satqınlığını, imperialistlərin müstəmləkəçilik siyasətini kəskin tənqid edir və İran xalqlarını milli mübarizəyə çağırır.
1919-20-ci illərdə "Hürriyyət" qəzetinin redaktoru olmaqla bərabər İran "Ədalət" Firqəsi Mərkəzi Komitəsinin xarici bölməsinin katibi seçilir. İranda inqilabi hərəkatın güclənməsi ilə əlaqədar 1920-ci ilin may ayında Pişəvəri İrana gedir. Gilan əyalətində baş vermiş Cəngəlilər hərəkatının başçısı Kiçik Xanla görüşür. İyun ayında Gilanda yaranmış inqilabi dövlətin xarici işlər naziri təyin olunur. Sonra İranda inqilabi qüvvələri birləşdirmək üçün İran Kommunist Firqəsinin yaranmasında, firqənin 1920-ci ilin iyun ayında Ənzəli şəhərində keçirilən I qurultayında Mərkəzi Komitənin üzvü və ideoloji işlər üzrə katib seçilir.
1921-ci ildə Pişəvəri İran Həmkarlar İttifaqının orqanı olan "Həqiqət" qəzetinin redaktoru olur. 1922-ci ildə Tehranda polis təzyiqinin artması ilə əlaqədar "Həqiqət" qəzeti bağlanır. 1923-cü ilə qədər o, İsfahan şəhərində gizli fəaliyyət göstərir.
Rza şahın hakimiyyətə gəlməsi ilə polis təqibləri güclənir, qəzet və jurnalların çap edilməsi çətinləşir. Bü fəaliyyət ağır şəraitdə 9 il davam edir. 1930-cu ildə Pişəvəri həbs olunur və 11 il həbsdə qalır. Qəsri-Qacar adlanan zindanda bütün vəhşi işgəncələrə baxmayaraq Pişəvəri öz mübarizəsini davam etdirir.
İkinci Dünya müharibəsinin başlanması Rza şah diktaturasının yıxılması ilə nəticələnir. Pişəvəri 1941-ci ilin sentyabrında həbsdən buraxılıb Tehrana gəlir. 1941-ci ildə İran Xalq partiyasının yaranmasında fəal iştirak edir, 1943-cü il may ayının 23-də nəşr etdiyi "Acer" qəzetinin ilk nömrəsini İran ictimaiyyətinə təqdim edir. Pişəvəri redaktoru olduğu "Acer" qəzeti vasitəsilə Rza şahı, onunla birlikdə xalq kütlələrini vəhşicəsinə soyan və İranı müstəmləkəyə çevrilməsinə kömək edən irticanı ifşa edir.
1944-cü ildə Pişəvəri Azərbaycandan XIV Şura Məclisinə deputat seçilmiş olsa da İran irticası onun deputatlığını rədd edir. Pişəvəri İranda nəşr olunan 44 mütərəqqi qəzeti birləşdirib "Cəbheyi-azadi" (Azadlıq cəbhəsi) yaradır. Bu qəzetlər vasitəsilə Pişəvəri İran xalqlarının irtica və imperializm əleyhinə mübarizəsinə, ölkənin inqilabi qüvvələrini birləşdirməyə çalışır.
Alman faşizminin məğlub olması dünyada inqilabi hərəkatları gücləndirir, istiqlal və azadlıq uğrunda xalqların mübarizəsini genişləndirir. Belə bir şəraitdə, 1945-ci il sentyabrın 3-də Azərbaycanda bütün sinif və təbəqələri birləşdirə biləcək bir təşkilat - Azərbaycan Demokrat Firqəsi yaradılır. Azərbaycan Demokrat Firqəsinin qarşısında duran vəzifələr 12 Şəhrivər müraciətnaməsi adı ilə elan olunur.
S.C.Pişəvərinin rəhbərlik etdiyi Azərbaycan Demokrat Firqəsi qısa müddət ərzində Azərbaycanın bütün zəhmətkeş təbəqələrini və milli qüvvələrini öz bayrağı altında birləşdirib tarixi xalq hərəkatı yaradır. 1945-ci ilin oktyabrında keçirilən ADF-nin I qurultayı Pişəvərini Mərkəzi Komitənni sədri seçir. ADF-nin orqanı olan "Azərbaycan" qəzeti vasitəsilə Azərbaycan xalqı qarşısında duran vəzifələr və 21 Azər hərəkatının hazırlanması taktikası Pişəvərinin rəhbərliyi altında həyata keçirilir.
1945-ci il dekabrın 12-də 21 Azər hərəkatı qələbə çalır və fəaliyyətə başlamış qnunverici orqan olan Azərbaycan Milli Məclisinin qərarı ilə Pişəvəri Azərbaycan Milli Hökumətinin Baş naziri təyin edilir.
Azərbaycan Milli hökuməti ilk qərarları ilə İranın daxilində Azərbaycanın milli muxtariyyət hüququnu bərpa edir, azərbaycanlıların ana dilində danışmaları, yazıb-oxumaları üçün şərait yaradır. Məktəblərdə ana dilində dərslərin keçirilməsini təmin edir. Fəhlələr üçün iş qanunu, qadınlar üçün kişilərlə bərabər hüquqlar, bütün ölkədə əhəmiyyəti olan torpaq islahatı həyata keçirir.
İranın şah rejimi qərblə və keçmiş SSRİ rəhbərləri ilə gizli sövdələşməyə girərərk 1946-cı ilin dekabrında Azərbaycan milli hökumətini devirib. Azərbaycan milli hökumətinin qan içində devrilməsi nəticəsində minlərlə insan həlak olub və həbsxanalara atılıb.
1946-cı ilin dekabrında mühacirət etmiş Azərbaycan inqilabçılarının bir hissəsi Sovet Azərbaycanına gəlib. Onlar Azərbaycanın 34 rayon və şəhərində yerləşdirilib.İrandan gələn mühacirlərin yerləşdirilməsi ilə məşğul olan Peşəvəri 1947-ci il iyulun 11-də Gəncə şəhərindən qayıdarkən Yevlax yaxınlığında müəmmalı şəkildə maşın qəzasına düşür və xəstəxanada da müəammalı şəkildə vəfat edir. Silahdaşları Pişəvərinin Stalinin başçılıq etdiyi kommunist rejimi tərəfindən xəstəxanada zəhərli iynə vurularaq öldürüldüyünü deyir. Çünki avtomobil qəzasə zamanı o yüngül xəsarət alıbmış və özünü normal hiss edirmiş.
Seyid Cəfər Pişəvərinin məzarı Bakı şəhərində Fəxri Xiyabandadır.

XS
SM
MD
LG