Accessibility links

Avropa Birliyi Şərq Tərəfdaşlığı siyasəti yaradır


Avropa Komissiyası gələn həftə Avropa Birliyinin Nazirlər Şurasına “Şərq Tərəfdaşlığı”nın kommünikesini təqdim edəcək. Bu barədə Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Alan Vaddams

“İnam” Plüralizm Mərkəzi və Avropaya İnteqrasiya üzrə Azərbaycan Milli İctimai Komitəsinin “Azərbaycan və Avropa Birliyi: inteqrasiya üçün effektli əməkdaşlıq mexanizmləri” mövzusunda keçirdiyi dəyirmi masada bildirib.

Onun sözlərinə görə, “Şərq Tərəfdaşlığı” təşəbbüsü postsovet ölkələrini əhatə edir və AB-nin şərq qonşuları ilə partnyorluğunun möhkəmləndirilməsini nəzərdə tutur. “2009-cu ilin iyununda Brüsseldə Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belorus dövlət başçılarının 5+1 formatında Sammiti olacaq. Sammitdə “Şərq Tərəfdaşlığı siyasəti” müəyyən ediləcək. Dövlət başçılarının toplantısınadək isə xarici işlər nazirlərinin də bir və ya iki konfransı olacaq”.

Onun dediyinə görə, “Şərq Tərəfdaşlığı” Avropa Birliyi ilə tərəfdaşlarının müxtəlif sahələrdə birgə layihələr həyata keçirməsini nəzərdə tutur. “Belorus hələlik texniki proqramlarda iştirak edəcək. Rusiyanı isə əməkdaşlığa yalnız yerli təşəbbüslər, məsələn, Kalininqrad probleminin həlli çərçivəsində dəvət etmək nəzərdə tutulub”

Cənab Vaddamsın fikrincə, “Şərq Tərəfdaşlığı” 6 dövlətin gələcəkdə Avropa Birliyinə üzvlüyə qəbulunun reallaşdırılmasına yol aça bilər. “Bu ölkələr yaxın zamanda Avropa Birliyinə üz qəbul edilməyəcək. Ancaq “Şərq Tərəfdaşlığı” yaxın 20 ildə Avropa Birliyinə qoşulmaq ümidi vəd edir. Bu ilk öncə Avropa Birliyinə üzv olmaq istəyən Ukrayna və Gürcüstana aiddir. Bunun üçün Avropa qaydaları ilə yaşamağa vərdiş edilməli, yerli qanunvericilik Avropa qanunlarına uyğunlaşdırılmalıdır”.

Avropa Komissiyasının nümayəndəsi “Şərq Tərəfdaşlığı”nın prioritetlərini də açıqlayıb. “Bu tərəfdaşlıq azad ticarət zonası yaradılmasını, təhlükəsizliyin gücləndirilməsini , yəni böhranların idarə olunmasına yardım və birgə treninqləri, viza rejiminin sadələşdirilməsini, yəni vizalar ya tamamilə ləğv ediləcək və ya pulsuz veriləcək, tələbə mübadiləsini, ətraf mühitin mühafizəsini, energetika sahəsində əməkdaşlığı, vətəndaş cəmiyyətinin inkişafına yardımı nəzərdə tutur. Regional inkişaf münaqişələrin həllinə də yardım edəcək”.

Xatırladaq ki, bu il mayın 26-da Polşa və İsveç AB xarici işlər nazirlərinə şərq qonşuları üçün vahid forum – AB ölkələri və Azərbaycan, Ukrayna, Moldova, Gürcüstan, Ermənistan, Belorusun iştirakı ilə “Şərq partnyorluğu”nun yaradılması təklifini təqdim edib.

Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsinin rəhbəri İradə Bağırova Avropa Qonşuluq siyasətindən danışıb. Onun dediyinə görə, bu siyasət çərçivəsində on prioritet sahə müəyyən edilib. Bu sahələr üzrə tərəflər bir sıra öhdəlikləri yerinə yetirib və bəzi sahələrdə, xüsusən mətbuat azadlığı və insan haqları sahəsində öhdəliklər yerinə yetirilməyib.

Xanım Bağırova hesab edir ki, prioritetlər arasında Cənubu Qafqaz ölkələri arasında əməkdaşlıq məsələsi də var. Ancaq hələ Cənubi Qafqazın 3 ölkəsi arasında əməkdaşlıq mümkün deyil.

“Azərbaycan Naminə” İctimai Forumun prezidenti Eldar Namazov hesab edir ki, Azərbaycan hələ Avrointeqrasiya yolunda köklü addımlar atmayıb. Onun sözlərinə görə, müəyyən edilmiş sahələrin heç biri bu və ya digər şəkildə tam yerinə yetirilməyib.

“Zerkalo” qəzetinin şərhçisi Rauf Mirqədirovun fikrincə, öhdəliklərdən öncə Avropa Birliyinin Azərbaycanı Avropa ölkəsi kimi qəbul edib-etməməsi aydınlaşdırılmalıdır.


XS
SM
MD
LG