Accessibility links

ATƏT Bakıda seçki prosesinə müdaxilə mövzusunda seminar keçirir


ATƏT-in Bakı ofisi icra hakimiyyəti rəhbərləri və dairə seçki komissiyalarının sədrləri üçün "Seçki Məcəlləsi"nin müddəalarının təşviq edilməsinə dəstək: seçki prosesinə müdaxilə" mövzusunda seminar keçirir. Prezidentin İcra Aparatı və Mərkəzi Seçki Komissiyası ilə birgə keçirilən seminar ölkədəki bütün dairə seçki komissiyalarını və yerli icra hakimiyyətlərini əhatə edəcək. Belə ki, sessiyalar Bakıdan sonra Gəncə və Şirvan şəhərlərində davam etdiriləcək.
ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herrero bildirib ki, seçki prosesinə müdaxilə keçmiş təcrübədə çox ciddi problemdir. Onun fikrincə, seçki qanunvericiliyinə edilmiş yeni əlavəyə görə seçki prosesinə yalnız seçki komissiyaları müdaxilə edə bilər. "Səslərin sayılması və onun mərkəzi seçki orqanlarına ötürülməsi seçki komissiyalarının səlahiyyətidir. Bu prosesə heç kim müdaxilə edə bilməz. Bu prosesə xoş niyyətlə müdaxilə etmək də qanun pozuntusudur. İkinci vacib məsələ isə seçki prosesinə cəmiyyətin etibar göstərməsidir. İctimaiyyət seçkiyə etibarla yanaşmalı və onun nəticələrinə inanmalıdır".
Onun sözlərinə görə, 2005-ci ildə prezidentin seçki prosesinə müdaxilənin yolverilməzliyi ilə bağlı sərəncamında kütləvi toplantı məsələlərinə önəm verilir. "Bütün siyasi qüvvələr, namizədlər toplantı azadlığından bərabər istifadə etmək imkanına malik olmalıdır. Siyasi qüvvələrə bərabər münasibət göstərilməlidir".
Azərbaycan prezidentinin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib ki, seçkilərdə bərabərlik prinsipi təmin edilməlidir. Azərbaycan prezidentinin tələbi budur ki, seçkilər beynəlxalq standartlara uyğun keçirilsin. Demokratik dövlətin və cəmiyyətin tələblərinə cavab verən ədalətli və demokratik seçkilər təşkil edilsin.
MSK sədri Məzahir Pənahovun qənaətincə, hazırda demokratik seçkilərin keçirilməsi üçün bütün imkanlar mövcuddur. "Demokratik qanunvericilik bazası yaradılıb, ictimai-siyasi stabillik təmin edilib, bunun üçün ölkə rəhbərliyinin siyasi iradəsi var".

O, yerli icra hakimiyyətlərini və bələdiyyə orqanlarını qanunun tələblərinə tabe olmağa çağırıb. O həmçinin yerli hakimiyyət orqanlarını bütün namizədlərə bərabər imkanlar yaratmağa, administrativ resurslardan bu və ya digər namizədin xeyrinə istifadə etməməyə çağırıb.

Demokratik Seçki Mərkəzinin sədri Anar Məmmədli hjakimiyyət orqanları və seçki komissiyalarının rəhbərləri tərəfindən icra orqanlarının müdaxiləsinin etiraf olunmasını müsbət addım hesab edir. Onun dediyinə görə, əvvəllər bu etiraflar da olmayıb.

Ancaq, cənab Məmmədli mövcud administrasiya və seçki institutlarının seçkilərə müdaxiləyə yol verməyəcəyinə inanmır. Onun fikrincə, bütün namizədlərə bərabər şərait yaradılması ilə bağlı bəyanatlar da deklarativdir.

XS
SM
MD
LG