Accessibility links

Azərbaycan iqtisadiyyatı qlobal rəqabətə davamlıdır


Ümumdünya İqtisadi Forumu 2009-2010 Qlobal rəqabətə davamlılığa dair hesabatını aşıqlayıb. Hesabatda Azərbaycan 51-ci yer tutub. Ölkə reytinq cədvəlində 4,3 bal toplayaraq 18 pillə yüksəlib. Bu keçmiş sovet respublikaları arasında 35-ci yer tutmuş Estoniyadan sonra ikinci yaxşı nəticədir. Qonşu Qafqaz ölkələrindən Gürcüstan 90-cı, Ermənistan - 97-ci yer tutub.
Hesabatda Azərbaycan iqtisadiyyatı inkişafın birinci dərəcəsindən ikinci dərəcəsinə keçən ölkələr qrupuna aid edilib. Müqayisə üçün Ermənistan ikinci dərəcəli inkişafda olan ölkə, Rusiya və Türkiyə isə iqtisadiyyatı ikinci dərəcədən yüksək üçüncü dərəcəyə keçən ölkələr kimi qəbul edilir.
Azərbaycan “Əmək bazarının effektivliyi”nə (13-cü yer), “Makroiqtisadi stabilliyə” (27-ci yer), “İnnovasiya potensialı”na (42-ci yer) görə daha yaxşı, “Şirkətlərin rəqabətə davamlılığı” (74-cü yer), “Texnoloji səviyyə” (75 yer), “Bazarın həcmi” (78-ci yer) və “Səhiyyə və ibtidai təhsil” (96-cı yer) göstəricilərinə görə isə pis mövqe tutub.
Ölkələrin reytinqinə İsveçrə başçılıq edir. Maliyyə bazarlarının zəifləməsi və makroiqtisadi stabilliyin azalması nəticəsində ABŞ bir pillə aşağı düşərək ikinci yer tutub. Sinqapur, İsveç və Danimarka lider dövlətlərin ilk beşliyində qərar tutub.
Dünyanın iri iqtisadiyyatı olan Çin 29-cu yerdədir. İl ərzində Çin reytinqdə bir pillə yüksəlib.
Dünyanın ən çox rəqabətə davamlı olmayan ölkəsi Birundidir. Ondan bir qədər irəlidə Zimbabve və Çad gedir.
İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru Qubad İbadoğlu “Amerikanın səsi” radiosuna müsahibəsində Azərbaycanın qlobal rəqabətə davamlılıq reytinqində yüksək yer almasını son zamanlar iqtisadiyyatın bir sıra sahələrində və qanunvericilikdə dəyişikliklər edilməsi ilə izah edib. Onun fikrincə, reytinq cədvəli bəzi sahələrdə reallığı olduğu kimi əks etdirmir. Belə ki, Azərbaycanın qlobal bazarda neft və neft məhsullarından başqa məhsulları çox azdır. “Biznes sahəsində Azərbaycan brendləri dünya bazarında demək olar ki, yox dərəcəsindədir”, - deyə o qeyd edib.
Bununla yanaşı o, ölkədə biznes fəaliyyətinə başlamağın asanlaşdırıldığını, rəqabət məcəlləsinin qəbul edildiyini deyib.


XS
SM
MD
LG