Accessibility links

Müxalifət Azərbaycan hökumətinin qiymət siyasətinə etiraz aksiyaları ilə cavab verəcək


"Azadlıq" siyasi bloku neft məhsullarının və kommunal xidmətlərin qiymətlərinin kəskin artırılması ilə bağlı müzakirə keçirib. Siyasi liderlər və ekspertlər qiymətlərin kəskin artımının iqtisadi və sosial əsaslarının olmadığını bildirib. AXCP sədri Əli Kərimli hesab edir ki, qiymətlərin artırılması Azərbaycan hökumətinin məsuliyyətsizliyinin təzahürüdür. Onun fikrincə, hökumətin bu addımı korrupsioner və inhisarçı mahiyyətini bir daha sübut edir. Cənab Kərimli "Azadlıq" blokunun hökuməti istefaya çağırdığını bəyan edib. "Azadlıq" bloku yanvarın 26-da şəhərin mərkəzində mitinq keçirmək barədə qərar da qəbul edib. . "Azadlıq" blokunun iqtisadiyyat komissiyasının sədri Nemət Əliyevin sözlərinə görə, benzinin qiyməti 55%, dizel yanacığı 25%, elektrik enerjisinin qiyməti 3,1 dəfə, kanalizisiya xidmətlərinin qiyməti 4 dəfə, içməli suyun qiyməti 2,2 dəfə, sərnişin daşıma qiymətləri 33 faiz artırılıb. Ekspertin fikrincə, enerji daşıyıcılarının qiymətlərinin bahalaşması digər məhsul və xidmətlərin qiymətlərinin 40 faizədək bahalaşmasına da səbəb olacaq. İqtisadçı ekspert Azər Mehdiyev hesab edir ki, baş verənlərin iqtisadi izahı yoxdur. Azərbaycanda qiymət strukturu benyəlxalq standartlara deyil, neft pullarının kiçik bir qrup arasında bölüşdürülməsinə xidmət edir. Siyasi şərhçi Zəfər Quliyev hakimiyyətin siyasətinin mahiyyətində "oğurluq psixologiyası"nın durduğunu bildirib. Onun qənaətincə, seçkilərin saxtalaşdırılması, müxalifətin və mətbuatın susdurulması üçün aparılan siyasət məhz neft pullarınını sakitliklə bölüşdürülməsinə yönəlib. Cənab Quliyev hesab edir ki, bu siyasət daxildə və ya xaricdə onun qarşısını alacaq qüvvə ortaya çıxanadək davam edəcək. Milli Birlik Hərəkatının lideri Lalə Şövkət qiymət artımını əhaliyə qarşı passiv genosid adlandırıb. Onun fikrincə, xalq hakimiyyətin bu siyasətinə aktiv cavab verməlidir. Prezidentin İcra Aparatının ictimai siyasi şöbəsinin müdiri Əli Həsənov isə «Amerikanın səsi» radiosuna qiymətlərin qaldırılmasının hökumətin siyasətinə xidmət etdiyini bildirib. Onun sözləriənə görə, hökumət əhalinin zəif təbəqəsinin sosial müdafiəsini də nəzərə alıb.
XS
SM
MD
LG