Azərbaycan prezidenti İlham Əliyevin Qazaxıstana iki günlük rəsmi səfəri başlayıb. Cənab Əliyev səfər çərçivəsində Qazaxıstan prezidenti Nursultan Nazarbayev, baş nazir və parlamentin sədri ilə görüşlər keçirir.
AzərTAc dövlət agentliyinin məlumatına görə, artıq prezidentlərin təkbətək görüşü başa çatıb. Dövlət başçıları münasibətlərin uğurla inkişafından, strateji əməkdaşlığın səviyyəsindən razılıq bildirib. Prezidentlər həmçinin qarşılıqlı səfərlərin əlaqələrin daha da genişlənməsi işinə xidmət edəcəyini vurğulayıb.
İndi isə iki ölkə arasında əlaqələrin hazırkı səviyyəsi və perspekrtivlərinə nəzər salaq.
«Turan» agentilyinin məlumatına görə, Azərbaycanla-Qazaxıstan arasında siyasi, iqtisadi, mədəni və texniki sahələrdə 80-ə yaxın dövlətlərarası və hökumətlərarası sənəd imzalanıb. «Azərbaycanla Qazaxstan arasında mübahisəli məsələ yoxdur. Qazaxstan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və beynəlxalq təşkilatlarda onu dəstəkləyir.
Qazaxstan ardıcıl olaraq Xəzərə dair konvensiyanın imzalanması və dənizin sektorlara bölünməsini müdafiə edir. Həmçinin Xəzərin cənub hövzəsinin bölünməsinə dair İranla mübahisədə Azərbaycanı dəstəkləyib. Öz növbəsində Azərbaycan da beynəlxalq təşkilatlarda Qazaxstanın tərəfdarı kimi çıxış edir».
Agentlik iki ölkənin prezidentləri, baş nazirləri, xarici işlər nazirləri səviyyəsində çoxsaylı qarşılıqlı səfərlərin həyata keçirlidiyini də yazır.
Azərbaycan və Qazaxıstan arasında ən mühüm əhəmiyyət kəsb edən məsələlər Qazaxıstan neftinin Azərbaycan vasitəsi ilə daşınması, Xəzərin statusunun müəyyən edilməsi və nəqliyyat məsələləridir.
«Neft Araşdırmaları» Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, iki ölkə arasında enerji təhlükəsizliyi sahəsində on ildən artıq əməkdaşlıq mövcuddur. Uzun müddətdir ki, Qazaxıstan Azərbaycan ərazisi ilə dünya bazarına neft və neft məhsulları daşıyır.
Ekspert Qazaxıstanın Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə qoşulmasını da real sayır. Onun fikrincə, bu layihə həm də Çinin marağındadır.
Politoloq İlqar Məmmədov isə Azərbaycan və Qazaxıstanın mövqeyinin həm siyasi, həm iqitsadi, həm də enerji təhlükəsizliyi sahəsində üst-üstə düşdüyünü bildirib. Onun sözlərinə görə, bu əməkdaşlıqda Türkmənistanın rolu da getdikcə danılmaz reallığa çevrilir.
Cənab Məmmədov həmçinin Qazaxıstanı azərbaycanılılar üçün yaxşı investisiya mühiti olan bazar kimi dəyərləndirir. Onun fikrincə, iki xalq arasındakı etnik yaxnılıq münasibətləri daha da sülhsevər məcraya yönəldir.