Accessibility links

Azərbaycanda prezident seçkiləri keçirilir


Azərbaycanda prezident seçkiləri keçirilir. Ölkədə 4 milyon 800 mindən çox seçici var. Səsvermənin keçirilməsi üçün 5 min 359 məntəqə yaradılıb. Seçkilərdə 7 namizəd prezidentlik uğrunda mübarizə aparır.
Seçkiləri 47 mindən çox yerli və xarici ölkə müşahidəçiləri müşahidə edir. Bu gün ABŞ-ın Azərbaycandakı səfirliyinin 57 əməkdaşı da 19 qrup halında ölkənin müxtəlif regionlarında müşahidə aparır. Səfir Enn Dersi isə Ermənistanın silahlı müdaxiləsi nəticəsində qaçqın düşmüş Zəngilan rayonundan olan məcburi köçkünlərin səs verdiyi məntəqədə olub.
Seçkilər sakit şəraitdə keçir. Hər hansı kütləvi etiraz və narazılıq qeydə alınmayıb. Mən də Bakının müxtəlif rayonlarında seçki məntəqələrində seçkiləri müşahidə etdim. Söhbət etdiyim insanların demək olar ki, əksəriyyəti İlham Əliyevin adını çəkir.
Bununla yanaşı, səsvermə prosesində qanun pozuntuları da qeydə alınmaqdadır. Belə ki, seçkiləri boykot edən siyasi partiyalar çoxsaylı qanun pozuntularını qeydə aldıqlarını bəyan edir. Müsavat partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı seçicilərin icra hakimiyyətinin əməkdaşları tərəfindən səsvermə məntəqələrinə gətirilməsi, karusel üsulu ilə səsvemə hallarını qeydə aldıqlarını deyir.
Prezidentliyə namizəd İqbal Ağazadə də səsvermə prosesində qanun pozuntusunun qeydə alındığını bildirir. Onun sözlərinə görə, seçki qərargahı bu pozuntuları analiz edəndən sonra yekun hesabat yayacaq.
Müstəqil namizəd Qulamhüsyen Əlibəylinin seçki qərargahının məlumatına görə isə, hələlik seçki prosesində nəticələrə təsir göstərə biləcək ciddi qanun pozuntuları qeydə alınmayıb. “Ən çox müşahidə olunan problem seçici siyahıları ilə bağlıdır və çıxarışla seçkiyə qatılanların sayı kifayət qədər çoxdur”.


XS
SM
MD
LG