Accessibility links

Azərbaycanda hüquq mühafizə orqanları ilə KİV münasibətləri  mövzusunda dəyirmi masa keçirilib  


ATƏT-in dəstəyi ilə "Azərbaycanda hüquq mühafizə orqanları ilə KİV arasında münasibətlərin tənzimlənməsi" mövzusunda dəyirmi masa keçirilib. "Jurnalistlər Ekstremal Şəraitdə" İctimai Birliyinin təşkil etdiyi tədbirdə ATƏT-in təmsilçisi, Daxili İşlər Nazirliyi, Bakı şəhəri Baş Polis idarəsi, paytaxt rayonlarının polis idarələrinin nümayəndələri, hüquq müdafiəçiləri, jurnalist təşkilatlarının rəhbərləri iştirak edib. "Jurnalistlər Ekstremal Şəraitdə" İctimai Birliyinin sədri Firuzə Əsədullayeva bildirib ki, dəyrimi masa Bakı, Gəncə və Xaçmaz şəhərlərini əhatə edir. Onun sözlərinə görə, jurnalistlərə qarşı təzyiqlər əksər hallarda kütləvi aksiyalar zamanı baş verir. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov polisin KİV-lə münasibətlərində problemin olmadığını deyib. Onun sözlərinə görə, kütləvi aksiyalarda jurnalistlərin fərqlənməsi üçün DİN-in təşəbbüsü ilə xüsusi gödəkçələr paylanıb. Lakin buna baxmayaraq bir sıra hallarda jurnalistlər aksiya iştirakçılarına çevrilir. Hüquq müdafiəçisi Novella Cəfəroğlu son illər polis-mətbuat münasibətlərində yaxşılığa doğru irəliləyişlərin olduğunu deyib. Hüquq müdafiəçisi hesab edir ki, polis-mətbuat münasibətləri sahəsində daha ciddi irəliləyişin olması üçün jurnalistlər qanun pozuntuları ilə yanaşı, polisin gördüyü işlər, sosial həyatı, əmək haqqının azlığından da yazmalıdır. «Jurnalistlər Birliyi»nin sədri, "Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı son illər rəhbərlik etdiyi qəzetin iki müxbirinin kütləvi aksiyalar zamanı fiziki təzyiqə məruz qaldığını deyib. Onun sözlərinə görə, jurnalistlərdən biri mülki geyimli şəxs tərəfindən təzyiqə məruz qalıb, polisə aidiyyatı yoxdur və digər halda isə polis əməkdaşı hərəkətəinə görə daxili işlər orqanlarından xaric edilib. Cənab Şıxlı münasibətlərdə liberallıq yaranması üçün hüquq-mühafizə orqanlarının fəaliyyətində şəffaflığı vacib sayır. Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun direktoru Emin Hüseynli jurnalistlərə qarşı baş verən təzyiqlərə məhkəmə orqanlarının hüquqi qiymət verməsinin vacibliyini önə çəkib. Onun fikrincə, qanunsuz hərəkətə qiymət verilməzsə danışmaq əbəsdir. Cənab Hüseynli sırvai heyətin maarifləndirilməsinə ehtiyac duyulduğunu da deyib. Dəyirmi masada digər güc nazirliklərinin strukturlarının mətbuat üçün qapalı olduğu bildirilib. Buraya Milli Təhlükəsizlik, Fövqəladə Hallar və Müdafiə nazirlikləri aid edilib. Çıxış edənlər Naxçıvanda nəinki jurnalistlərin ekstremal şəraitdə işləməsi, hətta məlumat almasında belə ciddi problemlərin olduğunu qeyd edib.
XS
SM
MD
LG