Accessibility links

Azərbaycan polisi terrorizm və transmilli cinayətlərə qarşı mübarizədə Avropa ölkələri ilə əməkdaşlıq edir


Azərbaycan Daxili İşlər nazirliyində ötən ilin yekunlarına həsr olunmuş geniş Kollegiya iclası keçirilib. Daxili işlər naziri Ramil Usubov bildirib ki, 2006-cı ildə ölkədə 19.045, o cümlədən DİN üzrə 18267 cinayət qeydə alınıb. "Cinayətlərin strukturunda onun bir sıra ağır növlərinin, o cümlədən qəsdən adam öldürmə və ona cəhdlər, quldurluq, zorlama, adam oğurluğu, mənzillərdən oğurluq, avtonəqliyyatın qaçırılması faktlarının sayı azalıb, adamların girov götürülmə cinayəti ümumiyyətlə qeydə alınmayıb. Lakin ümumi cinayətlərin sayı 2005-ci illə müqaisədə 5,9 faiz artıb. Ötən il şəxsiyyət əleyhinə olan cinayətlərin 97,3 faizi, banditizm və insan alveri cinayətlərinin isə hamısı açılıb». Onun sözlərinə görə, axtarışda olan 4429 nəfər, o cümlədən MDB və digər xarici dövlətlərdə gizlənmiş 174 təqsirləndirilən şəxs tutulub. "İtgin düşmələr ilə bağlı 2006-cı ildə axtarışa verilmiş 1462 nəfərdən 73,6 faizinin yeri müəyyənləşdirilib. Nazirin sözlərinə görə, ötən il ağır və xüsusilə ağır cinayətlər törətmiş 772 nəfərdən ibarət 268 cinayətkar qrup və dəstə zərərsizləşdirilib. "Qanunsuz saxlanan 1346 odlu silah və 130 min patron götürülüb. Silahlı cinayətkar qruplar tərəfindən törədilən cinayətlərin sayı 2005-ci illə müqaisədə 2,2 dəfə, qrup halında qeydə alınmış cinayətlər isə 11,3 faiz azalıb. Cənab Usubov ölkədə qanunsuz miqrantlara qarşı da polis tərəfindən işlər aparıldığını deyib. O Rusiyada yaşayan Azərbacan vətəndaşlarının problemlərinin həlli üçün Moskva və Sankt-Peterburq şəhərlərinə DİN əməkdaşlarının ezam edildiyini bildirib. Yerli polis orqanları hazırda xaricdə, xüsusilə də Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının sayını dəqiqləşdirməklə məşğuldur və bu işlər fevralda başa çatdırılacaq. Nazir insan alveri üzrə 211 cinayət faktı müəyyən edilərək 207 nəfərin məsuliyyətə cəlb olunduğunu, 23 cinayətkar qrup və mütəşəkkil dəstənin zərərsizləşdirildiyini deyib. "Qanunsuz dövriyyədən 251 kiloqramdan artıq narkotik vasitə götürülüb, yaşıl kütlə halında 379 ton narkotik xassəli bitki məhv edilib". Onun sözlərinə görə, 2006-cı ildə ölkəyə 70.000 avtomobil gətirilib. Nazir Azərbaycanın transmilli cinayətlərə və benyəlxalq terrorizmə qarşı mübarizə sahəsində qonşu dövlətlər, Avropa dövlətləri və Rusiya ilə sıx əməkdaşlıq etdiyini bildirib. Cənab Usubov ayrı-ayrı şəhər və rayon polis orqanlarındakı nöqsanlardan da danışıb. Onun sözlərinə görə, ötən il ağır və xüsusilə ağır cinayətlər Bakı şəhərində, Sumqayıt və bir sıra başqa rayonlarda artıb. "Bağlı qalmış cinayətlərin 50 faizi Bakı şəhərinin üzərinə düşür". Prezidentin İcra Aparatının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov da ölkədə ictimai sabitliyin qorunması, cinayəkarlığa qarşı mübarizədə işini müsbət qiymətləndirib. Onun sözlərinə görə, polisin insan alverinə qarşı mübarizə işləri kifayət qədər yaxşı qurulub. "Narkotiklərə qarşı da effektli mübarizə aparılır. Polis orqanları xüsusilə narkotik kanalları müəyyən etmək üçün qonşu ölkələrin hüquq-mühafiəzə orqanları ilə əlaqələr qurmalıdır. Miqrasiya sahəsində də ciddi işlər görülməlidir. Miqrantlara veriləcək sənədlərin istehsalı və verilməsi üçün işlər görülməlidir". Şöbə müdiri hazırda hökumətin ABŞ-la birgə korrupsiya və şəffaflıq üzrə milli strategiya hazırladığını deyib. Şöbə müdirinin fikrincə, insanlar arasında baş verən mübahisələrlə bağlı işlərə onlar barışdıqdan sonra xitam verilməlidir. O insan hüquqlarının qorunması ilə bağlı da danışıb. Azərbaycan insan hüquqları ilə bağlı Avropa məhkəməsinin yurisdiksiyasına daxildir və artıq ölkədən mindən artıq iş bu məhkəməyə daxil olub. Cənab Ələsgərovun bildirib ki, polis hər hansı şəxsin evinə şəxsiyyəti barədə sənəd təqdim etdikdən və məhkəmənin qərarı olduqdan sonra daxil ola bilər.
XS
SM
MD
LG