Accessibility links

Pənah Hüseyn: Hökumət iqtisadi böhrandan çıxmaq haqqında proqram hazırlamalıdır


Azərbaycan Respublikasının keçmiş baş naziri, Milli Məclisin deputatı Pənah Hüseyn “Amerikanın səsi” radiosuna dünya maliyyə böhranının Azərbaycana iqtisadi, sosial və siyasi təsirləri ilə bağlı müsahibə verib. Sual: Dünyadakı maliyyə böhranının Azərbaycana təsirləri nə olacaq? Bəzi ekspertlər Azərbaycan banklarında nağd pul çatışmazlığı yarandığını iddia edir. Cavab: Hər şey klassik formula ilə hərəkət edir. Maliyyə böhranı, sonra real iqtisadi sektorda, sosial sektorda böhran və nəhayət siyasi sarsıntılar başlayır. Tarixi təcrübə göstərir ki, çox böyük böhranlar böyük müharibələr, konfliktlər və sarsıntılarla başa çatır. Hətta belə nəzəriyyələr də var ki, böhrandan çıxmağın yolu məhz müharibələrdən keçir.

Azərbaycan daböhrandan kənarda qala bilməz. Çünki iqtisadiyyat və bazar dünya ilə əlaqədədir. Ölkənin real sektoru zəif inkişaf edib və yanacaq ixracı hesabına yaşayır. Hazırda böhranın mərkəzində yanacaq qiymətlərinin kəskin enməsi dayanır.

Sual: Azərbaycanda maliyyə böhranı kəskin iqtisadi böhrana keçə bilərmi?

Cavab: Əslində iqtisadi böhran başlayıb. İlk əlaməti müəssisələrin dayanması və işsizliyin sürətlə artmasıdır. Tikinti sektoru artıq 60-70 faizdayanıb. Çoxsaylı şirə zavodları dayanıb və digər müəssisələr işçilərinin sayını azaldıb. Eyni zamanda, bu proses davam etməkdədir. Yalnız dövlət sifarişi ilə işləyən müəssisələrdə hələ işçi ixtisarları yoxdur. Hesab edirəm ki, hökumət iqtisadi böhrandan çıxmaq haqqında proqram hazırlamalıdır.

Sual: İqtisadi böhran nəticəsində nə qədər insan işsiz qala bilər və bu sosial böhrana səbəb ola bilərmi?

Cavab: Sosial böhran deyəndə, işsizlik, səfalət, yoxsulluq deməkdir.Bu isə bir qayda olaraq siyasi sarsıntılara gətirib çıxarır. Azərbaycan iqtidarının siyasi rəqibləri ilə münasibətlərini gərgin saxlaması isə sarsıntıların daha dərin olmasına şərait yarada bilər.

Sual: Siyasi sarsıntılar müxalifətin indiki durumunda mümkündürmü?

Cavab: Mən hesab etmirəm ki, müxalifət zəifdir. Müxalifət o mənada zəifdir ki, küncə sıxışdırılıb. Sosial-iqtisadi böhran təzyiqin zəifləməsinə gətirib çıxarır. Məhz müxalifət kütlənin sosial narazılığı artdığı şəraitdə onunla birləşərək güclü siyasi qüvvəyə çevrilir. Xüsusən Azərbaycanın çox ciddi müxalifət ənənələri nəzərə alınmalıdır. Azərbaycan müxalifəti hakimiyyətdə olub, idarəçilik və bir neçə demokratik inqilablar təcrübəsinə malikdir.

XS
SM
MD
LG