Azərbaycan Milli Məclisinin payız sessiyası açılıb. Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, parlament yaz sessiyası dövründə 141 qanun, 1 Konstitusiya qanunu və 25 qərar qəbul edib. Onun sözlərinə görə, Milli Məclis payız sessiyası dövründə də məhsuldar işləyəcək. Sessiya dövründə “Sığorta fəaliyyəti haqqında”, “Hesablama Palatası haqqında”, “Sosial müavinətlər haqqında” və “Təhsil haqqında” qanun layihəsi də müzakirəyə çıxarılacaq.
Açılış iclasında müxalifəti təmsil edən deputatlar daha fəal olub. Müxalifətdə olan deputatlar korrupsiya, rüşvətxorluq, jurnalistlərin həbsi, Naxçıvanda son günlər müxalifət fəalının və jurnalitstin həbsi və başqa məsələlərlə bağlı çıxışlar edib.
Deputat Arzu Səmədbəyli seçicilərini daha çox işsizlik, məmur özbaşınalığı, yoxsulluq, maaşların azlığı, korrupsiya və rüşvətxorluq problemlərinin narahat etdiyini deyib. Deputat hökuməti problemləri gizlətməkdə günahlandırıb.
İqtidardan olan deputat Səyavuş Novruzov sürətli iqtisadi inkişafdan danışıb. Onun sözlərinə görə, neft gəlirləri səmərəli xərclənir və əhalinin rifah halının yaxşılaşmasına yönəlib.
Deputat İqbal Ağazadə diffamasiya ilə bağlı maddənin Cinayət Məcələlsindən çıxarılmasını təklif edib və azad sözə qarşı təhlükədən danışıb. Onun fikrincə, jurnalistlərin həbsi yolverilməzdir.
Depuitat Pənah Hüseyn də ölkədə işsizliyin və yoxsulluğun artıdığın önə çəkib.