Accessibility links

Bakıda beynəlxalq neft-qaz sərgi-konfrans açılıb


Bakıda 13-cü "Xəzər neft və qaz 2006" Beynəlxalq sərgi-konfrans açılıb. Sərgidə 31 ölkədən 360 şirkət iştirak edir. Prezident İlham Əliyev bildirib ki, 1994-cü ildən keçirilən neft-qaz sərgisinə maraq azalmayıb. Onun fikrincə, sərgi Azərbaycana investisiyaların cəlbində böyük kömək edir. Cənab Əliyev Azərbaycanın enerji layihələrinin həyata keçirilməsində düzgün siyasət apardığını diqqətə çatdırıb. O Xəzər neftinin BTC kəməri vasitəsi ilə Aralıq dənizinə çıxarılmasını tarixi hadisə adlandırıb. Dövlət başçısı ölkədə stabilliyin və vətəndaş həmrəyliyinin olduğunu bildirib. Bu isə şirkətlərin Azərbaycana 20 milyard dollar investisiya qoymasına imkanlar açıb. Cənab Əliyev "Şahdəniz" layihəsinin uğurla reallaşdığını və payızda Bakı-Tbilisi-Ərzrum qaz kəmərinin istismara başlayacağını qeyd edib. Prezident neft-qaz gəlirlərinin xalqın rifahının yaxşılaşdırılmasına və yeni infrastrukturların yaradılmasına xidmət edəcəyini xüsusi vurğulayıb. Sərgidə ABŞ prezidenti və Böyük Britaniya baş nazirinin təbrik məktubları oxunub. «Mən "Şərq-Qərb" enerji dəhlizinin yaradılmasındakı önəmli liderliyə görə Azərbaycana təşəkkürümü bildirəm. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tam işə düşdüyü və payızda Cənubi Qafqaz qaz kəmərinin işə salınacağı ərəfədə Azərbaycan aparıcı regional iqtisadi inkişaf zonasına, Avropa ailəsində enerji təhlükəsizliyinin qarantına çevrilir". Bu bardə ABŞ prezidentinin məktubunda deyilir. Cənab Buş Azərbayan rəhbərliyi ilə gələcəkdə də enerji təhlükəsizliyində nailiyyətlər əldə ediləcəyini gözlədiyni vurğulayıb. «ABŞ Azərbaycanda qaz hasilatının artırılması, ölkənin tələbatının ödənilməsi, Türkiyə və başqa Avropa ölkələrinə qaz nəqlinin diversifikasiyası, həmçinin Mərkəzi Asiyadan Avropaya qaz nəqlinin həyata keçirilməsi məqsədilə hökumətlər və şirkətlər arasında əməkdaşlığı səbirsizliklə gözləyir. Biz həmçinin Bakı və Astana arasında Qazaxıstan neftinin BTC kəmərilə nəqlinə dair razılığın əldə olunacağına ümid edirik». Prezident Buş ABŞ-ın dünyada enerji təhlükəsizliyinə, həmçinin Azərbaycan xalqının, o cümlədən ümumilikdə regionun rifahı və demokratik gələcəyi üçün əməkdaşlığa yardım göstərməyə hazır olduğunu bəyan edib. «Amerika dünyada enerji təhlükəsizliyinə yardım etmək, Azərbaycan xalqı və bu vacib bölgə üçün dinc və demokratik gələcəyin yaradılması işində Azərbaycanla əməkdaşlıq etməkdə davam edəcək». Böyük Britaniyanın baş naziri Toni Bler ölkəsinin Azərbaycanla regionun enerji rerurslarının istifdəsində faydalı əməkdaşlıq edə biləcəiyni bildirib. O həmçinin Azərbaycanın AB, ATƏT, AŞ və NATO ilə uğurlu əməkdaşlığına ümidvar olduğunu və 2006-cı ilin Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ili olacağını vurğulayıb. Türkiyənin energetika və təbii ehtiyatlar nazirinin müavini Saleh Paşaoğlu bildirib ki, ölkəsi Azərbaycan, Qazaxıstan, Misir, İraq, Türkmənistan və Özbəkistan qazının Avropaya tranzitini həyata keçirməyə hazırdır. İsrailin energetika və infrastruktura naziri Benyamin Ben-Eliezer ölkəsinin Xəzər neft və qazının alıcısı ola biləcəyini bəyan edib. "Bundan başqa biz Azərbaycan neft və qazının Asiya bazarında satışında tərəfdaş ola bilərik"-deyə o vurğulayıb. Qazaxıstanın energetika nazirinin müavini Ləzzət Kiimovun sözlərinə görə, Bakı və Astana arasında Qazaxıstan neftinin BTC kəmərilə nəqlinə dair danışıqlar başa çatmaq üzrədir. O, Qazaxıstanın Xəzər qazının Avropaya nəqlinə dair layihələri dəstəklədiyini bildirib. ABŞ dövlət katibinin müşaviri Metyu Brayza əsas diqqətin 2012-ci ilədək Azərbaycandan mümkün qədər daha çox qazın ixracına yönəlməyin vacibliyini önə çəkib. «Sonra Xəzərdən Avropaya qaz nəqlinə dair məsələlərin üzərində işləmək lazım gələcək. Region ölkələri qaz bazarının bölüşdürülməsi barədə fikirləşməlidir. Bu, Bakı-Tbilisi-Ərzrum qaz kəmərinin Gürcüstana, sonra isə İtaliyaya çəkilişi ideyasının reallaşmasına imkan verəcək». Türkmənistan prezidentinin Transxəzər qaz kəmərinin tikintisinə dair mövqeyi ilə bağlı sualın cavabında cənab Brayza deyib ki, ABŞ Türkəmistana təzyiq göstərmək niyyətində deyil. «Biz ümid edirik ki, Türkəmistan prezidenti müdriklik göstərəcək. Çünki Transxəzər qaz kəmərilə o, Avropa bazarına birbaşa çıxış əldə edəcək və bundan da hamı udacaq". BP-Azərbaycan şirkətinin prezidenti Devid Vudvord bildirib ki, hər gün BTC vasitəsilə rezervuara 200 min barel neft vurulur. «Azərbaycan neftinin Aralıq dənizinə çatması regional bazara təsir göstərəcək və Qərbi Afrika neftini sıxışdıracaq. BTC-nin işə salınması ilə bu neft, çox güman ki, ABŞ və Uzaq Şərqə yön alacaq».
XS
SM
MD
LG