Accessibility links

Azərbaycanın vətəndaş cəmiyyətləri etiraz edir (audio)


Vətəndaş cəmiyyətinin çoxsaylı nümayəndələri qeyri-hökumət təşkilatları ilə bağlı qanuna dəyişiklik edilməsinə etiraz olaraq parlamentin qarşısında piket keçirməyə cəhd edib. Polis güc tətbiq etmədən cəhdin qarşısını alıb, saxlanan olmayıb. Piketçilər birləşmə və ifadə azadlığın təmin edilməsi ilə bağlı şüarlar səsləndirib.
Piketin qətnaməsini Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının rəhbəri Qubad İbadoğlu təqdim edib, ancaq ona mətni sona qədər oxumağa imkan verməyiblər. Cənab İbadoğlu deyib ki, qanuna təklif edilən dəyişiklik yüzlərlə təşkilatın fəaliyyətini dayandırmasına səbəb olacaq.
Siyasi və İqtisadi Araşdırmalar mərkəzinin rəhbəri Hikmət Hacızadənin dediyinə görə, təklif edilən dəyişikliklər Azərbaycanın həm konstitusiyası, həm Avropa Şurası, həm ATƏT qarşısında götürdüyü öhdəliklərlə ziddiyyət təşkil edir.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu vətəndaş cəmiyyətlərinin hüquqi çərçivədə mübarizəsini davam etdirəcəyini deyib. Onun sözlərinə görə, iqtidar siyasi partiyalar və mediaya qarşı hərəkətlərindən sonra vətəndaş cəmiyyətlərinin üzərinə gedir.
İşgəncələrə Qarşı Mübarizə Təşkilatının rəhbəri Elçin Behbudov qanuna təklif edilən dəyişikliyin xarici qrantların qarşısını alacağını deyir. Bu hökuməti tənqid edən qeyri-hökumət təşkilatlarının susdurulmasıdır.
Çoxsaylı beynəlxalq təşkilatlar da qanun layihəsinin əleyhinədir. Artıq Amerikanın Azərbaycandakı səfiri, Avropa Şurasının rəhbərliyi, Amerikanın IREX, NED, Milli Demokratiya, Beynəlxalq Respublikaçılar və Açıq Cəmiyyət İnstitutu, habelə dünyada tanınmış ARTICLE 19, Freedom House, Human Rights Watch, Amnesty International və beynəlxalq PEN klub qanunvericiliyə təklif edilən düzəlişləri pisləyən birgə bəyanatlarla çıxış edib.
Amerika təşkilatlarının müraciətində deyilir ki, təklif edilən düzəlişlər Azərbaycan vətəndaş cəmiyyətinə beynəlxalq yardıma son qoya bilər, yerli və xarici QHT-lərin fəaliyyətini ciddi şəkildə məhdudlaşdıra bilər. «Fəal vətəndaş cəmiyyəti demokratik dövlətin fundamental tərkib hissəsidir. Qanunvericilikdə QHT-lər üzərində istənilən nəzarət onların fəaliyyətinin və cəmiyyətdə mövqeyinin müdafiəsini nəzərdə tutmalıdır. Biz Azərbaycan hökumətini təklif edilmiş düzəlişləri gündəlikdən çıxarmağa və vətəndaş cəmiyyətinin üzvləri ilə ictimai müzakirələr keçirməyə çağırırıq»- deyə sənəddə qeyd edilir.
ARTICLE 19, Human Rights Watch, Amnesty International və beynəlxalq PEN klubun isə birgə bəyanatında deyilir ki, Azərbaycanda ifadə və sərbəst toplaşmaq azadlığı ciddi təhlükə altındadır. “Belə dəyişikliklər QHT və KİV-lərin hökuməti tənqid etmək imkanını tamamilə məhdudlaşdıracaq və bu, Azərbaycanda ifadə və birləşmə azadlığına birbaşa hücum olacaq»- deyə bəyanatda qeyd edilir.
Beynəlxalq və yerli təşkilatların etirazlarına baxmayaraq Milli Məclis bu gün sənədin müzakirəsinə başlayıb. Qanun layihəsini parlamentə Hüquq siyasəti və Dövlət Quruculuğu komitəsinin sədri Əli Hüseynov təqdim edib. O “Amerikanın səsi” radiosuna sənədin birləşmək və ifadə azadlığını məhdudlaşdırmadığını deyib.
Müxalifətdə olan deputatlar sənədi ciddi tənqid edib və gündəlikdən çıxarılmasını təklif edib. Bir sıra deputatlar isə qanun layihəsindən təşkilatların fəaliyyətini məhdudlaşdıran maddələrin çıxarılmasını və ya dəyişdirilməsini vacibliyini vurğulayıb. Müzakirələr parlamentin növbəti iclasında davam etdiriləcək.

XS
SM
MD
LG