Accessibility links

Azərbaycan Milli Təhlükəsizlik nazirliyi İrandan gətirilən 77 kiloqram narkotik tutub   


Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi və Dövlət Sərhəd Xidmətinin birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən, 77 kiloqramdan artıq narkotik vasitə götürülüb. MTN ictimaiyyətlə əlaqələr mərkəzinin məlumatına görə, Azərbaycanın Lənkəran rayonunun 3 sakini, bir İran vətəndaşı və digərləri qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib. «Onlar 2008-ci il yanvarın 14-də 77 kiloqramdan artıq narkotik vasitəni satış məqsədilə İrandan Xəzər dənizinin Azərbaycana aid akvatoriyasının Dövlət Sərhəd Xidmətinin sərhəd zastavası istiqamətindən qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirib. Həmin gün dəstə üzvləri İran vətəndaşı Behbud Abbaspurla görüşüb İrandan gətiriləcək narkotik vasitənin qəbul ediləcəyi vaxtın və yerin müəyyənləşdirilməsi, hər kiloqramı üçün veriləcək pulun məbləği barədə razılığa gəlib. Eyni gün saat 23:30 radələrində İran vətəndaşının Xəzər dənizi ilə Lənkərana qayıqda gətirdiyi narkotik vasitəni təhvil almaq üçün Azərbaycan vətəndaşları əvvəlcədən razılaşdırılmış şərti işarələrin köməyi ilə onunla sahildə görüşüb, narkotiklərin qablaşdırıldığı 3 kisəni qəbul edib. Onlar Lənkəran rayonunun Veravul kəndinə gələrək narkotik vasitəni gizlədiblər. Yanvarın 15-də keçirilmiş əməliyyat tədbirləri nəticəsində qeyd edilən dörd nəfər yaxalanıb. 3 kiloqrama yaxın heroin, 9,3 kiloqramdan artıq tiryək və 65,3 kiloqramdan çox həşiş aşkarlanaraq götürülüb». Faktla bağlı cinayət işi başlanıb.
XS
SM
MD
LG