Accessibility links

Məhkəmə jurnalistə 6 il həbs kəsib


Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə "Bizim yol" qəzetinin əməkdaşı Müşfiq Hüseynov barəsində cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 il müddətinə həbs hökmü çıxarıb. Məhkəmə cənab Hüseynova həmçinin cəzasını çəkdikdən sonra 2 il müddətində jurnalist fəaliyyəti ilə məşğul olmağı qadağan edib. Dövlət ittihamçısı məhkəmədən jurnalisti 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum etməyİ və üç il müddətində jurnalist fəaliyyəti ilə məşğul olmağı qadağan etməyi xahiş etmişdi. Müşfiq Hüseynov ötən ilin iyulunda zorla pul tələb etməkdə günahlandırılaraq həbs edilib, Cinayət Məcəlləsinin rüşvət alma maddəsi ilə təqsirli bilinib. Jurnalist Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbər əməkdaşından 3500 dollar həcmində rüşvət almaqda ittiham edilib. Cənab Hüseynov cinayət işinin qeyri-obyektiv araşdırıldığını məhkəmənin diqqətinə çatdırıb və həbsini "sifariş" adlandırıb. Vəkil Vüqar Xasayev də iş üzrə obyektiv araşdırma aparılmadığını bildirib. O hesab edir ki, jurnalistin əməlində cinayət tərkibi yoxdur və bəraət verilməlidir. Vəkil məhkəmənin hökmündən apellyasiya şikayəti verəcəyini də deyib.
XS
SM
MD
LG