Accessibility links

İKT ölkələrinin hüquq-mühafizə orqanlarının rəhbərlərinin Bakı toplantısı


Bakıda İslam Konfransı Təşkilatına üzv dövlətlərin hüquq-mühafizə orqanlarının rəhbərlərinin iki günlük konfransı işə başlayıb.

Konfransda transmilli mütəşəkkil cinayətkarlığın, beynəlxalq terrorçuluğun, ekstremizmin, təcavüzkar separatizmin, silahların, narkotik vasitələrin, psixotrop maddələr və prekursorların qanunsuz dövriyyəsinin, insan alverinin, qanunsuz miqrasiyanın, cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının, terrorçuluğun maliyyələşdirilməsinin və korrupsiyanın qarşısının alınması sahəsində əməkdaşlıq məsələləri müzakirə edilir.

Prezident İlham Əliyevin konfransa müraciətini Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərov təqdim edib. Müraciətdə deyilir ki, islam bütün cinayətləri, xüsusilə terrorçuluğu, ekstremizmi və hər cür zorakılığı rədd edir.

Belə əməllər xalqlarımızın bölüşdüyü ümumi dəyərləri nəinki təhdid edir, həm də dövlətlərin ictimai-siyasi sabitliyinə, insanların əmin-amanlığına təhlükə yaradır.

Azərbaycan Baş nazirinin müavini Abid Şərifov bildirib ki, Bakı konfransı İKT-nin hüquq-mühafizə orqanları rəhbərlərinin ilk toplantısıdır.

Forumda üzv dövlətlər arasında hüquq-mühafizə sahəsində qarşılıqlı əməkdaşlığın əsas istiqamətlərinin müəyyən edilməsi məsələləri müzakirə ediləcək.

İKT dövlətləri hüquq-mühafizə orqanları arasında əlaqələrin möhkəmlənməsi qardaş islam ölkələrində daxili sabitliyin möhkəmlənməsinə də töhfə verəcək.

Cənab Şərifov Azərbaycanın terrorizmə və aqressiv separatizmə qarşı ciddi mübarizə apardığını diqqətə çatdırıb. Onun dediyinə görə, Azərbaycanın işğal altında olan ərazilərində transmilli cinayətlər genişlənir.

Belə bu ərazidəki cinayətlər, narkotik qaçaqmalçılığı region və beynəlxalq ictimaiyyət üçün ciddi təhlükə yaradır.

İKT baş katibinin müavini İzzət Kamil Mufti üzv dövlətlərin hüquq mühafizə orqanlarının terrorizmə, narkotik qaçaqmalçılığına, insan alverinə, qanunsuz miqrasiyaya və digər transmilli mütəşəkkil cinayətkarlığa qarşı birgə mübarizəsinin vacibliyini qeyd edib.

Onun fikrincə, bunun üçün ilk öncə hüquq-mühafizə orqanları arasında informasiya mübadiləsi aparılmalı, müəyyən struktur yaradılmalıdır. “Sabitlik və təhlükəsizlik təmin edilmədən ümumi inkişaf ola bilməz.

Təşkilatın üzv ölkələri arasında sabitliyin və təhlükəsizliyin təmin edilməsinə dəstəklə bağlı sazişlər mövcuddur. Səudiyyə kralı Məlik Abdullanın dünyada terrorizmə və transmilli cinayətkarlığa qarşı mübarizənin təşkili ilə bağlı əməkdaşlığı nəzərdə tutan Səudiyyə təklifi irəli sürüb”.

Baş katibin müavini üzv dövlətlərin hüquq-mühafizə orqanları rəhbərlərinin Azərbaycan ərazilərinin işğalına qarşı olduğunu da bildirib.

Onun sözlərinə görə, üzv dövlətlərin hüquq-mühafizə orqanları Azərbaycanın işğal olunmuş ərazilərində baş verən transmilli cinayətlərlə bağlı məlumatlıdır və buna qarşı birgə mübarizənin tərəfdarıdır.

XS
SM
MD
LG