Accessibility links

Azərbaycanda prezident seçkilərini 47 mindən çox müşahidəçi izləyəcək


Sabah Azərbaycanda prezident seçkiləridir. Səsvermə yerli vaxtla saat 8-də başlayıb 19-da başa çatacaq. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında seçki məntəqələrinin səsvermə üçün tam hazır olduğunu bəyan edib. Onun sözlərinə görə, ölkədə 4 milyon 800 mindən çox seçici var.
Sədr səsvermənin və səslərin sayılmasının şəffaf və aşkar şəraitdə həyata keçiriləcəyini vəd edib. Cənab Pənahovun sözlərinə görə, 500 seçki məntəqəsində səsvermənin gedişini və səslərin sayılmasını internetdə canlı izləmək mümkün olacaq. Bu Avropa və MDB-də ilk dəfə Azərbaycanda baş verəcək.
MSK sədri seçkilərin monitorinqində 47 mindən çox müşahidəçinin iştirak edəcəyini deyib. Bunların 21 521 nəfəri siyasi partiyaların, 15777 nəfər qeyri hökumət təşkilatlarının nümayəndələri, 5802 nəfər isə şəxsi təşəbbüslü müşahidəçilərdir. MSK-da isə 2672 yerli və 1258 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Onlardan 409 nəfəri ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, 376 nəfəri Müstəqil Dövlətlər Birliyinin, 34 -ü Avropa Şurası Parlament Asambleyasının, 15-i Avropa Parlamentinin, 16-sı MDB Parlament Asambleyasının , 8 nəfəri GUAM-ın nümayəndələridir. Bundan başqa, seçkiləri Amerika, Fransa, Bolqarıstan, Ukrayna, Böyük Britaniya, Rusiya, Polşa, İran və başqa çoxsaylı ölkələrdən parlament nümayəndə heyətləri müşahidə edəcək. Ümumilikdə seçkilərin monitorinqində dünyanın 59 ölkəsinin nümayəndəsi iştirak edir.
Cənab Pənahov bütün seçki prosesinin müşahidəçilər və media üçün açıq olduğunu bir dana diqqətə çatdırıb. MSK sədri həmçinin seçkilərin ilkin nəticələrinin səsvermə başa çatdıqdan 3 saat sonra elan ediləcəyini bildirib.

XS
SM
MD
LG