Accessibility links

Azərbaycan mətbuatında seçkilərə maraq azalıb


“Yeni Nəsil” Jurnalistlər Birliyi Avropa Komissiyasının «Azad və ədalətli seçkilər» birgə Proqramı çərçivəsində dəstəklənən Azərbaycanda prezident seçkiləri ərəfəsində siyasi iştirakçıların fəaliyyətinin mediada işıqlandırılmasının monitorinqi ilə bağlı 17 sentyabrdan 2-si oktyabra qədər dövr üçün hesabatını açıqlayıb. «Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev bildirib ki, televiziya kanalları siyasi iştirakçıların fəaliyyətinə az, bir qayda olaraq yalnız xəbərlər proqramları çərçivəsində diqqət yetirir. Materialların isə tam əksəriyyəti seçki prosesinə deyil, prezidentin və YAP üzvü olan nazirlərin fəsmi vəzifələrinin icrasına həsr edilir. Avropa Şurasının eksperti Devid Vard hesab edir ki, rəsmi təbliğat kampaniyası başlanan dövrdən bəri monitorinqə cəlb edilmiş televiziya kanallarının seçkilərə diqqəti nəinki artmayıb, əksinə bu diqqət daha da yayınıb. Bütövlükdə götürdükdə, istisna hallar nəzərə alınsa belə, seçki kampaniyasının televiziyaların əsas verilişlərində çox məhdud səviyyədə işıqlandırılır. “Qeyri adi odur ki, seçki fəaliyyəti yoxdur. Xəbərlər proqramlarında isə prezident və iqtidarda olan partiyanın üzvü olan nazirlərin seçki kampaniyasına aid deyil, bir qayda olaraq, vəzifə səlahiyyətlərinin icrasına aid olan məsələlərdən danışılır. Rəsmi təbliğat kampaniyası müddətinin birinci yarısı ərzində seçkilərə dair materialların həcmi və sayı qəzetlərdə də azalıb. Ümumilikdə isə “İctimai” televiziyanın seçkilərə həsr olunmuş materiallarında prezidentliyə namizədlər arasında nisbi balans qorunub. Kanalın xəbər buraxılışlarında isə prezident və YAP üzvü olan nazirlərin rəsmi fəaliyyəti ilə bağlı xəbərlərin payı 86%, digər namizədlərin fəaliyyəti isə cəmi 2% təşkil edib. ANS yeganə televiziyadır ki, xəbərlərində bütün prezidentliyə namizədlərə və onların partiyalarına müəyyən yer verib. Ancaq bütövlükdə, kanalın siyasi iştirakçıların fəaliyyətini işıqlandıran materiallarının 76%-i prezidentlə və YAP üzvü olan nazirlərlə bağlı olub. Digər 6 namizədə isə kanalın monitorinqə cəlb edilmiş materiallarında 3-5% yer ayrılıb. Qalan televiziya kanallarının məzmunu daha sadədir. Onlar istisnasız olaraq prezidentin və YAP üzvü olan nazirlərin rəsmi fəaliyyətinə diqqət yetirib. AzTV, ATV, Lider və Xəzər kanallarında 99%, Space-də isə 100% göstərici prezident və YAP üzvü olan nazirlərin xeyrinədir”. Cənab Vardın fikrincə, qəzetlərdə yeni meyllər aşkar olunub: kampaniyadan qabaqkı dövrdən fərqli olaraq, seçki kampaniyasının ilk 2 həftəsi ərzində hətta müstəqil qəzetlərdə də siyasi iştirakçıların müxtəliflik dairəsi daralıb. “Əlbəttə həmin dairə televiziyalardakı qədər dar deyil. Lakin dövlətə məxsus “Azərbaycan” və “Xalq” qəzetinin monitorinqə cəlb edilmiş materialları, AzTV-də olduğu kimi, yalnız prezident və YAP üzvü olan nazirlərin fəaliyyətinə həsr edilib. “Yeni Müsavat” qəzetinin siyasi iştirakçılara həsr olunmuş materiallarının 48%-ində prezident və YAP üzvü olan nazirlərin fəaliyyətindən bəhs edilir. Bunun ardınca Ümid partiyası gəlir – 29%. Yazıların 9%-də «dövlət institutlarının» işi işıqlandırılır, digər namizədlərin payına isə 1-5% yer düşür. “Azadlıq” qəzeti də diqqətini prezidentin və YAP üzvü olan nazirlərin üzərində cəmləşdirib. Qəzetin seçkilərdə iştirak edən bütün siyasi iştirakçıların fəaliyyətinə həsr olunmuş materiallarının ümumi həcmi son iki həftə ərzində azalsa da, onların içərisində məhz YAP təmsilçilərinə aid yazıların çəkisi 90%-dək artıb. Amma yazıların tonu bir qayda olaraq tənqidi və ya neytraldır. “Zerkalo” qəzetinin siyasi iştirakçılara həsr olunmuş materiallarında prezident və YAP 79%, Ümid partiyası 8% yer alıb. Nəhayət, “525-ci qəzetdə” materialların 93%-i indiki prezident və YAP-a həsr olunub” - deyə ekspert qeyd edib.

XS
SM
MD
LG