Accessibility links

Amerika Azərbaycan ərazilərinin minalardan təmizlənməsinə yardım edir


Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) indiyədək 81 milyon 124 min 613 kvadrat metr ərazini minadan təmizləyib, 398 min 113 mina zərərsizləşdirib. Maarifləndirmə fəaliyyəti ilə bağlı 24 rayonda 1185 məktəbdə dərs təşkil edib, 53200 nüsxə dərslik çap etdirib. Bu barədə ANAMA-nın direktoru Nazim İsmayılov Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilə bağlı mətbuat konfransında bildirib.
Azərbaycan ərazilərinin minalardan təmizlənməsində ABŞ Azərbaycana yaxından kömək edir. Son 10 ildə Amerika Azərbaycanda mina təmizlənməsi və bu sahədə maarifləndirmə işlərinə 15 milyon dollar yardım edib. Bu barədə isə ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson bildirib. O deyib ki, Azərbaycan xalqı çətinliklə üz-üzə gələndə Amerika xalqının həmrəyliyinə və dəstəyinə əmin ola bilər.
Şöbə müdiri ABŞ-ın Ermənistanla Azərbaycanın münaqişənin sülh yolu ilə həllinə nail olması gününü böyük ümidlə gözlədiyini bildirib.
“Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzi mina təhlükəsizliyi barədə maarifləndirmə və minalardan təmizləmə fəaliyyətinə yardımlarına görə, Amerikanın Azərbaycandakı səfiri Enn Dersiyə diplom təqdim edib.
Mərkəzin direktoru İslam Baxşəliyev bildirib ki, Amerika səfirliyinin qrantı hesabına “Minadan zərərçəkənlər üçün bərabər imkanlar” layihəsi həyaya keçirilir. Layihə çərçivəsində Azərbaycanın çoxsaylı rayonlarında minadan zərər çəkmiş şəxslərin ehtiyacları öyrənilir, maarifləndirmə işləri aparılır. Onun sözlərinə görə, bir çox mina qurbanları hüquqlarını bilmir və onların çoxunun əlilliyi hüquqları uğrunda mübarizə aparmağa imkan vermir.
Cənab Baxşəliyevin dediyinə görə, hərbçilərlə yanaşı mülki əhali də mina qurbanına çevrilir.
BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycan nümayəndəsi Envera Selimoviç BMT-nin inkişaf Proqramı və BMT Uşaq Fondunun rəhbərliyi altında bir sıra agentliklərin Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentlik ilə sıx əməkdaşlıq etdiyini bildirib. Onun sözlərinə görə, minalar hər il dünyada minlərlə insanın həyatına son qoyur və ya zədələnməsinə səbəb olur. “Təxminən hər saat dünyanın müəyyən bir nöqtəsində bir insan mina partlamasının qurbanına çevrilir. Bu insanlar, adətən, döyüşçü olmur. Mina qurbanına çevrilənlər Azərbaycanda da olduğu kimi, adətən, sıravi vətəndaşlardır. Bir çox yerlərdə minalar insanların yollara, məktəblərə, su mənbələrinə və iş yerlərinə çıxışını məhdudlaşdırır”-deyə o qeyd edib.

XS
SM
MD
LG