Accessibility links

«Azərbaycanda söz və mətbuat azadlığına qarşı təhlükələr» mövzusunda konfrans keçirilib


«Sülh və Demokratiya» institutunun Düşüncə mərkəzi «Söz və mətbuat azadlığı, jurnalistlərə qarşı təzyiqlər» mövzusunda konfrans keçirib. Tədbirdə jurnalist təşkilatlarının, mətbuat orqanlarının rəhbərləri, beynəlxalq təşkilatların və diplomatik korpusların təmsilçiləri iştirak edib. «Sülh və Demokratiya» institutunun direktoru Leyla Yuns bildirib ki, son dövrlər jurnaolistlərə qarşı fiziki zorakılıq və məhkəmə təqibləri ara vermir. O hesab edir ki, digər azadlıqların olması üçün ilk öncə söz və fikir azadlığı təmin olunmalıdır. Xanım Yunus ictimaiyyəti və hökuməti müstəqil mətbuatı dəstəkləməyə çağırıb. «Ölkədə mətbuat azadlığını genişləndirmək üçün iqtisadiyyatın liberallaşması, reklam bazarının siyasi nəzarətdən azad edilməsi lazımdır. Mətbuatın iqtisadi və kommersiya azadlığı təmin edilmədən söz azadlığından danışmaq əbəsdir». Bu sözləri «Turan» agentliyinin direktoru Mehman Əliyev deyib. Onun fikringə, mətbuatın ağır vəziyyəti avtoritar siyasi və iqtisadi rejimlə bağlıdır. Cənab Əliyev hesab edir ki, ölkədə müstəqil mətbuat anlayışı qalmayıb. Çünki maliyyə mənbələrinin böyük əksəriyyəti hakimiyyətin əlində cəmləşib. «Media hüquqları» institutunun direktoru Rəşid Hacılının sözlərinə görə, ötən ildən başlayaraq jurnalistlərin məhkəmələrə çəkilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi halları çoxalıb. Onun fikrincə, bütün bunlar azad mətbuata və sözə təpki məqsədilə edilir. Cənab Hacılı azad sözü və mətbuatı müdaifə edə biləcək azad məhkəmələrə ehtiyac duyulduğunu bildirib. Öz növbəsində iqtidarda olan «Yeni Azərbaycan» partiyasının Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə «Amerikanın səsi» radiosuna jurnalistlərin fiziki təzyiqlərə məruz qalması ilə bağıl bir neçə faktı etiraf edib. Lakin deputat jurnalistlərə təzyiqlər və mətbuatın iqtisadi cəhətdən azad olmaması fikirləri ilə razılaşmır. Bu gün ölkənin otuz aparıcı mətbuat orqanının rəhbəri Azərbaycan prezidentinə və Milli Məclisə müraciət imzalayıb. Sənəddə dövlət başçısının və parlamentin söz və mətbuat azadlığının dərinləşdirilməsi üçün təcili qərarlar qəbul etməsi xahiş edilir.
XS
SM
MD
LG