Accessibility links

Rusiya prezidenti Azərbaycanda  (audio)


İsrail prezidenti Şimon Peresin səfəri başa çatmamış Rusiya prezidenti Dmitri Medvedyev Azərbaycana işgüzar səfərə gəlib.
Azərbaycan və Rusiya prezidentlərinin görüşündə ikitərəfli, regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılıb.
Prezidentlər danışıqlarının yekunları ilə bağlı Birgə Bəyanat imzalayıb. Xüsusən, dövlət başçıları Xəzər dənizi üzrə Birgə Bəyanat və Dövlət sərhəddinin delimitasiyasının və Samur çayının su resurslarının bölünməsinin başa çatdırılmasının əsas prinsipləri haqqında Birgə Bəyanat qəbul edib. Bundan başqa, Rusiyanın “Qazprom” şirkəti və ARDNŞ Azərbaycan qazının alqı-satqısı müqaviləsinin əsas şərtləri haqqında sənəd imzalayıb. Tərəflər həmçinin, diplomatik nümayəndəliklərin yerləşməsi və onlara xidmət göstərilməsi şərtləri haqqında Birgə Bəyanat qəbul edib. Azərbaycan və Rusiyanın Kabandin-Balkar hökumətləri arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında saziş də imzalanıb.
Azərbaycan və Rusiya prezidentləri hesab edir ki, bugünki danışıqlardan sonra ölkələri yeni əməkdaşlıq formatına keçəcək.
Cənab Medvedyev Rusiya-Azərbaycan münasibətlərini strateji xarakterli adlandırıb. “Bu, dostluq və yaxşı qonşuluq əlaqələridir. Biz bu münasibətlərin bundan sonra da inkişaf etməsi üçün əlimizdən gələni etməyə hazırıq”.
Prezident Əliyev Rusiya prezidentinin səfərini “səmərəli” hesab edir. Onun sözlərinə görə, Rusiya prezidenti ilə danışıqlar dostluq və qarşılıqlı anlaşma ruhunda keçib, ikitərəfli münasibətləri, regional mövzuları müzakirə etmək üçün əlavə imkanlar açıb.
Tərəflər həmçinin Xəzəryanı ölkələrin dənizin hüquqi statusu haqqında hazırlanmaqda olan Konvensiya üzrə mövqelərinin yaxınlaşdığını qeyd edib. Prezidentlərin birgə bəyanatında deyilir ki, Xəzər dənizi hövzəsinin delimitasiyası və cənub hissəsində dəniz dibinin bölünməsi, təhlükəsizlik məsələləri, yerin təkindən istifadə, tranzit, biosferin mühafizəsi məsələlərdə qarşılıqlı anlaşma artıb.
Azərbaycanın xarici siyasət məsələləri üzrə keçmiş dövlət müşaviri Vəfa Quluzadə hesab edir ki, imzalanmış sənədlər səfərin məqsədini gizlətməyə xidmət edir. Rusiya prezidentinin səfərinin əsas məqsədi Amerika prezidentinin Moskvaya səfəri ərəfəsində Azərbaycanın mövqeyini öz mövqeyinə yaxınlaşdırmaqdır. Burada söhbət Qəbələ RLS-in Amerikanın istifadəsinə verilməsi və dondurulmuş münaqişələrdən gedir.

Politoloq eyni zamanda, İsrail və Rusiya prezidentlərinin Azərbaycana daban-dabana səfəri zamanı İranla münasibətlərə aydınlıq gətirilməsi və enerji əməkdaşlığı ilə bağlı əlamətdar olduğunu da güman edir. İsrail və Rusiya İranla bağlı münasibətlərdə və Azərbaycan qazının alınmasında maraqlıdır.
Enerji məsələləri üzrə ekspert İlham Şaban qazın alqı-satqı şərtləri ilə barədə Sazişə baxmayaraq hələ kommersiya şərtləri ilə bağlı danışıqların davam edəcəyini bildirib. Onun fikrincə, Azərbaycan 2010-cu ildən Rusiyanın cənub bölgələrinə 1,5 milyard kub metr qaz verə bilər.
Ekspert Rusiyaya veriləcək qazın Şahdəniz yatağına aid olmadığını deyib. Onun sözlərinə görə, Rusiyaya köhnə yataqların yenidən işlənməsi və səmt qazının toplanması hesabına əldə edilən qaz satılacaq.

XS
SM
MD
LG