Accessibility links

Novruz Məmmədov: Azərbaycan münaqişənin həlli üçün Amerikanın səyini ortaya qoymasını istəyir


Azərbaycan Prezidentinin Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Amerikanın səsi” radiosuna müsahibə verib. Müsahibədə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı dövlət başçılarının danışıqları, Azərbaycanla Amerika, İran və Türkiyə münasibətləri, İsrail prezidentinin Azərbaycana gözlənilən səfəri ilə bağlı məsələlərə toxunulub.
Sual: Azərbaycana və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşünün nəticələrini necə qiymətləndirirsiniz? Hazırda vəziyyət necədir?
Cavab: Təəssüflər olsun ki, Azərbaycan və Ermənistan prezidentlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son və bundan öncəki danışıqlarını müsbət qiymətləndirmək olmur. Bu görüşlərlə bağlı Minsk qrupunun həmsədrlərinin və qərb diplomatlarının bəyanatlarına uyğun gələn reallıq müşahidə olunmur. Ümumilikdə kiçik fərqlər nəzərə alınmasa, hələlik prezidentlərin keçirdiyi beş görüşdə iki tərəf arasında münaqişənin həlli ilə bağlı irəliyə atılacaq heç bir ciddi addım müşahidə edilməyib.
Sual: Buna baxmayaraq, bir sıra mətbuat orqanları iyul ayında Azərbaycan və Ermənistan prezidentinin Amerika, Fransa və Rusiya prezidentinin iştirakı ilə Saziş imzalayacağını yazır. Bu nə qədər realdır?
Cavab: Bununla bağlı hər hansı məlumatım yoxdur. Təəccüblü olsa da, müxtəlif ölkələrdə, bəlkə də müxtəlif dairələrdə kimlərinsə təsiri altında və ya kimlərinsə marağına uyğun olaraq bir tərəfdən Ermənistanın bir konstruktiv dövlət kimi dünyaya təqdim edilməsi, danışıqların konstruktiv məcrada getməsi, müəyyən görüşlərin olacağı, müəyyən sənədlərin imzalanacağı barədə məlumatlar verilir. Ancaq zaman-zaman bunların həqiqətə uyğun olmadığı məlum olur. Son vaxtlar, xüsusilə həmsədrlər Ermənistanı çox konstruktiv dövlət kimi qələmə verir, dünya ictimaiyyətinə bu fikri az qala təkidlə sırıyır.
Prezidentlərin növbəti görüşünə gəlincə, Azərbaycan və Ermənistan prezidentinin görüşü ola bilər. Amma dediyiniz tərkibdə prezidentlərin görüşünün olacağı ilə bağlı məndə məlumat yoxdur. Əlbəttə arzu edərdim ki, belə bir görüş olsun. Bilirəm ki, ABŞ prezidenti Barak Obama, dövlət katibi Hillari Klinton, eyni zamanda Rusiya tərəfi də münaqişənin həllinə maraq göstərir. Əlbəttə onların bir yerdə toplaşıb problemi müzakirə etməsi əhəmiyyətli olardı.
Sual: Türkiyə xarici işlər nazirinin ABŞ səfəri zamanı da Ermənistan-Azərbaycan münaqişəsinin müzakirə edildiyi bildirilib. Münaqişənin həlli prosesində Amerika və Türkiyənin rolunu necə görürsünüz?
Cavab: ABŞ və Türkiyə arasında münaqişənin nizamlanmasının müzakirə edilməsini müsbət qarşılayırıq. Son proseslər də göstərdi ki, Türkiyə və Azərbaycan dost, qardaş, tərəfdaş dövlətdir və bu dövlətlər bir-birinin mənafeyini başqa mənafelərə qurban vermir. Türkiyənin münaqişənin həllində həqiqətən maraqlı olduğunu və bu istiqamətdə Türkiyə tərəfindən çox vacib addımlar atıldığını da görürük. Eyni zamanda, ABŞ dövlət katibi ilə məsələnin müzakirəsinə də çox əhəmiyyət veririk. Mənə elə gəlir ki, son zamanlar prezident Barak Obama və dövlət katibi Hillari Klinton münaqişənin həllində maraqlıdır, bununla bağlı amerikalı həmsədrə göstərişlər veriblər. Mən də istəyərdim ki, amerikalı həmsədr bu göstərişlərə riayət edərək, proseslər haqqında öz dövlət rəhbərlərinə real məlumatlar versin.
Sual: Türkiyə ilə Azərbaycan arasında qazın qiyməti ilə bağlı razılıq əldə edilibmi?
Cavab: Hesab edirəm ki, bəzilərinin arzu etdiyi və istədiyi kimi, bu məsələdə Türkiyə ilə Azərbaycan arasında problem olmayacaq. Bu sahədə danışıqlar nəticəsində razılıq əldə ediləcək və problem yaranmayacaq.
Sual: İranın son zamanlar Azərbaycana qarşı bəyanatlarını necə qiymətləndirirsiniz? Ümumilikdə İranda prezident seçkiləri qabağı vəziyyəti necə qiymətləndirirsiniz? Azərbaycan bu ölkədəki seçkilərdə müşahidəçi qismində iştirak edəcəkmi?
Cavab: İranda prezident seçkiləri bu ölkənin qanunlarına uyğun, normal davam edir. Namizədlər bir-biri ilə debata çıxır. İranda Azərbaycanla bağlı bəyanatları bu ölkənin rəsmi mövqeyi adlandırmazdım. Çünki ölkənin rəsmi mövqeyini dövlət başçısı və ya xarici işlər naziri bəyan edə bilər, onlar isə belə bəyanatla çıxış etməyib.
Azərbaycan və İran müstəqil siyasət yürüdən qonşu dövlətlərdir. Azərbaycanın xarici siyasətinin mühüm prinsiplərindən biri qonşu dövlətlərlə dinc, yanaşı və mehriban yaşamaq, qarşılıqlı maraq prinsipləri ilə əlaqə qurmaqdır. Biz buna nail olmuşuq.
Azərbaycanla bağlı bəyanatları İranın güc strukturlarının nümayəndələri bildirib. Bu məndə təəccüb doğurur. Çünki güc strukturları öz işləri ilə məşğul olmalıdır. Ola bilsin ki, prezident seçkiləri ərəfəsi müəyyən hallar olur və müəyyən proseslər baş verir. Düşünürəm ki, İranda prezident seçkiləri normal keçəcək və İran xalqı öz seçimini edəcək. Azərbaycan İranda gedən proseslərə qarışmır və müşahidə ilə bağlı dəvət olarsa Azərbaycan Mərkəzi Seçki Komissiyası öz mövqeyini bildirəcək. İran xalqının seçimini Azərbaycan normal qəbul edəcək.
Sual: Bir neçə il öncə İranın hərbi gəmiləri həmlə etmiş “Alov” strukturunda İran tərəfi işlərə başlayacağını bəyan edib. İran “Alov” strukturunda işlərə başlayarsa Azərbaycan necə qarşılayar?
Cavab: Xəzərin statusu ilə bağlı məsələyə hələ nöqtə qoyulmayıb. Tərəflər arasında danışıqlar gedir, müəyyən irəliləyişlər var. Belə məsələlərdə bütün dövlətlər, o cümlədən İran beynəlxalq hüquq normaları çərçivəsində addımlar atmalıdır. Biz məsələni birlikdə və beynəlxalq hüquq çərçivəsində həll etməliyik. Burada hər hansı addım atmamışdan öncə hüquqi statusla bağlı danışıqların başa çatmasını gözləmək lazımdır. Mənə elə gəlir ki, “Alov” strukturu ilə bağlı məsələlər də belə olacaq. Danışıqlar başa çatmadan əlbəttə, kiminsə işə başlaması da düzgün hal deyil. Əlbəttə Azərbaycan və İran sektoru arasında sərhəd var. Bu qədimdə də olub, XX əsrdə də olub, indi də davam edir. Problem danışıqlar çərçivəsində həll olunmalıdır. Mənə elə gəlir ki, İran tərəfi də danışıqlar başa çatmadan əsaslandırılmamış addım atmaz.
Sual: İsrail prezidentinin Azərbaycana səfəri nə vaxt baş tutacaq? İki dövlət arasında hansı sənədlər imzalanacaq?
Cavab: Hələlik səfərin tarixi ilə bağlı məlumat verə bilmərəm. Ancaq səfər olarsa iki dövlət arasındakı münasibətlər ətrafında danışıqlar aparılacaq. Hələlik iki dövlət arasında imzalanacaq sənədlər barədə də məlumata malik deyiləm. Hansı sənədlərin imzalanacağı səfərin reallaşmasına bir neçə gün qalmış məlum olacaq.
Bununla yanaşı, qeyd edirəm ki, Azərbaycan müstəqil dövlətdir, müstəqil xarici siyasət kursu həyata keçirir. Bizim xarici siyasət kursumuz MDB məkanında və dünyada nümunə ola bilər. Xarici siyasət kursumuz Azərbaycanın milli maraqlarına xidmət edir və heç bir ölkənin maraqlarına qarşı yönəlməyib. Buna görə də İsrail prezidentinin Azərbaycana səfəri ilə bağlı narahatlığa ehtiyac və səbəb yoxdur.
Sual: Amerika-Azərbaycan münasibətlərinin indiki səviyyəsini necə qiymətləndirirsiniz? Prezident Obamanın Misirdə olduğu kimi, Azərbaycanda da çıxış gözlənilə bilərmi?
Cavab: Amerika ilə Azərbaycan arasında münasibətlər çox yüksək səviyyədədir. Azərbaycan mövqeyini bir qayda olaraq etibarlı tərəfdaş kimi nümayiş etdirir. İkitərəfli əməkdaşlığımız terrorizmə qarşı mübarizə, enerji təhlükəsizliyi və başqa sahələrdə uğurla davam edir. Amerikanın yeni administrasiyasından gözləntimiz odur ki, Azərbaycanda gedən proseslərə daha obyektiv yanaşsın və daha obyektiv mövqe tutsun. Azərbaycanla bağlı müəyyən bəyanatlar veriləndə, addımlar atılanda hər şey real ölçülüb-biçilsin. Ümumiyyətlə kor-koranə müəyyən fikirlərin söylənilməsi düzgün deyil və iki tərəfli əməkdaşlığın inkişafına xidmət etmir.
ABŞ prezidentinin Misirdəki kimi Azərbaycana gəlib çıxış etməsinə hər hansı maneə yoxdur. Hətta ABŞ-ın belə addım atması çox yaxşı qarşılanardı. Çünki Cənubi Qafqaz da çox həssas regiondur. Burada münaqişələr var. Azərbaycanın düşdüyü münaqişənin də həlli vacibdir. Amerika bu münaqişənin həlli istiqamətində indiyədək kifayət qədər effektli addımlar atmayıb, kifayət qədər yaxından məşğul olmayıb. Azərbaycanın ən çox gözlədiyi, ədalət naminə beynəlxalq hüquq normaları çərçivəsində münaqişənin normal həll olunması üçün ABŞ-ın səyini ortaya qoymasıdır. Çünki bir sıra məsələlərdə Amerika Azərbaycanla çox sıx əməkdaşlıq edir, amma bəzi məsələlərdə məsafə bir qədər genişlənir. Azərbaycan istəyir ki, bütün məsələlərdə məsafə eyni olsun.


XS
SM
MD
LG