Accessibility links

Novruz Məmmədov: Azərbaycan öz maraqlarını heç kimə qurban verməyəcək   


Azərbaycan Prezidentinin Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Amerikanın səsi” radiosuna müsahibə verib. Müsahibədə Azərbaycan-Türkiyə münasibətlərindəki son durum, Azərbaycan-Ermənistan danışıqları, Nabucco layihəsi və Azərbaycan-Amerika münasibətləri barədə danışılır.

Sual: Türkiyə baş nazirinin Azərbaycana səfəri son zamanlar ekspertlərin qiymətləndirdiyi kimi iki dövlət arasındakı gərginliyi aradan qaldırdımı?

Cavab: Birmənalı bəli. Türkiyənin baş nazirinin səfəri son zamanlar Türkiyə ilə Azərbaycan arasındakı gərginliyi aradan qaldırdı. Buna bir qədər də geniş yanaşmaq lazımdır. Belə ki, iki dövlət arasında gərginliyi yaradan səbəb var idi. Türkiyə ilə Ermənistan arasında 2007-ci ildən İsveçrənin vasitəçiliyi ilə gizli danışıqlar aparılırdı. Bu danışıqların mahiyyəti isə müəyyən maneələrə baxmayaraq iki ölkə arasında münasibətləri normallaşdırmaq və sərhədləri açmaq idi. Əlbəttə bu Azərbaycanın maraqlarına zidd olan bir hadisədir.
Türkiyə Azərbaycanla dost, qardaş, strateji tərəfdaş dövlətdir. Bu dostluq, qardaşlıq, strateji tərəfdaşlıq bir günün, bir dövrün nəticəsi deyil, tarixi bir çağırışdır. Ona görə də biz düşünürük ki, belə hərəkətlər iki dövlət arasında əlaqələrə xələl gətirər, münasibətləri soyuqlaşdıra bilər. Bununla yanaşı, prosesləri müşahidə etdikcə bir daha əmin olduq ki, iki dövlət, iki xalq arasındakı münasibətlər tarixə söykənir. Bu xalqlar o qədər çox şaxəli bağlıdır ki, onlar arasındakı qardaşlıq, dostluq və strateji tərəfdaşlıq belə sınaqlardan uğurla çıxır və çıxdı da. Ümumiyyətlə hansısa təsir, təzyiq və hadisə Azərbaycan -Türkiyə münasibətlərinə xələl gətirə bilməz. Bunu isə Türkiyə baş nazirinin Azərbaycana gəlməsi və onun Bakıda verdiyi bəyanatlar bir daha nümayiş etdirdi. Türkiyənin baş naziri bəyan etdi ki, Türkiyənin Ermənistanla sərhədlərinin bağlanması səbəb və nəticə əlaqəsi şəklində görünməlidir. Yəni, sərhədlər Azərbaycan ərazilərinin işğalı səbəbindən bağlanıb. Ərazilərin işğalı səbəb, sərhədlərin bağlanması nəticə olduğu üçün səbəb aradan qaldırılmalıdır ki, nəticə də ona uyğun olaraq formalaşsın.

Sual: Hazırda Türkiyə ilə Ermənistan arasında “Yol xəritəsi” var. Buna əlavə olaraq Ermənistanla Azərbaycan arasında “Yol xəritəsi” də imzalana bilərmi?

Cavab: Hələ bununla bağlı konkret heç nə deyə bilmərəm. Çünki, çox təəssüflər olsun ki, bu istiqamətdə gedən proseslər bu gün Azərbaycanı təmin etmir, qənaətbəxş deyil. Ermənistanın yeni seçilmiş prezidenti Serj Sarkisyanla Azərbaycan prezidenti artıq dördüncü dəfə görüşdü. Çox təəssüf ki, müəyyən mənada diplomatik çərçivədən kənara çıxmamışıq, danışıqların uğurla davam etməsini istəmişik, danışıqların gələcəyinə optimist yanaşmışıq. Bu səbəbdən də bir sıra diplomatik etiketləri qoruyub saxlamışıq. Bunun da yeganə səbəbi münaqişənin sülh və danışıqlar yolu ilə həllinə tərəfdar olmağımız olub. Ermənistan prezidenti seçkilərdən sonra çox çətin bir vəziyyətdə idi. Ermənistanda fövqəladə vəziyyət elan edildi, rəsmi məlumatlara görə 10 nəfər öldürüldü, çoxsaylı insan həbs edildi, qəzetlər, internet saytları bağlandı. O zaman çətin durumda olan Ermənistan prezidenti özünü liberal, konstruktiv göstərməyə cəhd etdi. Bu qərb tərəfindən də qəbul edildi. Biz isə düşündük ki, əgər doğrudan da belədirsə, Ermənistan prezidenti ilə müəyyən irəliləyiş əldə edilə bilər.
Bunu rəsmi deyirəm, həmsədrlər necə bəyanat verməsindən asılı olmayaraq, təəssüflər olsun ki, Ermənistanın prezidenti ilə indiyədək danışıqlarda heç bir irəliləyiş əldə edilməyib. Müəyyən razılaşmalar var idi, o da keçmiş prezident Robert Koçaryanla əldə edilmişdi.
Proseslərin belə getdiyi halda Azərbaycan hansı addımı ata bilər? Avropanın, ABŞ-ın, dünyanın digər təşkilatlarının və qurumlarının optimist bəyanat verməsi də başa düşüləndir. Onlar istəyir ki, münaqişə tezliklə sülh yolu ilə həll edilsin. Biz də bunu istəyirik. Amma biz həm də istəyirik ki, danışıqlar prosesində real bir hərəkət olsun, irəliləyiş olsun. Ona görə də hələlik bu gün “Yol xəritəsi”nin imzalanacağına ehtimalın az olduğunu deyə bilərəm.

Sual: Bir sıra ekspertlər bildirir ki, prezidentlərin Sankt-Peterburq görüşündə Laçın koridoru ilə bağlı razılaşma barədə birgə bəyanat ola bilər. Eyni zamanda, Azərbaycanla həmsədrlərin bir-birinə əks bəyanatlar verməsinin səbəbi nədir?

Cavab: Belə proseslərin baş verməsi, “Laçın koridoru” barədə bəyanat və ya “Yol xəritəsi” imzalanması ehtimalı həddindən çox azdır.
Bəs nə üçün başqa tərəflər, o cümlədən həmsədrlər belə optimist bəyanatlar verir. Ümumilikdə götürdükdə bu çox səhv addımdır. Bu yoldan çəkinmək lazımdır. 16 ildir ki, həmsədrlər belə bəyanatlarla çıxış edir. Sual olunur. Bəs niyə, indiyədək belə bəyanatlar verən həmsədrlər heç bir irəliləyişə nail ola bilməyib! Amma həmsədrlərin son bəyanatlarında dediyi, “hər şey razılaşdırılmayıbsa, heç nə razılaşdırılmayıb” fikri bizi də qane edir. Doğrudur həmsədrlərin təklifi ilə mərhələli həll prosesi kiçikdən böyüyə, sadədən mürəkkəbə doğru hərəkət etməyi özündə ehtiva edir. Amma sadə məsələlərin sonunda bir neçə fundamental prinsip dayanır. Bunlar Dağlıq Qarabağın müqəddəratı, qoşunların işğal ərazilərindən nə vaxt çıxarılması, hansı ölkələrin sülhpərvər qüvvələrinin yerləşdirilməsi, referendumun hansı formada, necə və nə vaxt keçirilməsi, rayonların nə vaxt azad edilməsi və başqa məsələləridir. Bu vacib məsələlərdə Ermənistan tərəfi tam qeyri-konstruktivlik nümayiş etdirir. Bu qeyri-konstruktivliyi isə bəyanatla çıxış edən həmsədrlər və digər qüvvələr sanki normal qəbul edir. Nə qədər ki, beynəlxalq birlik, ABŞ rəhbərliyi ədalət prinsipi ilə məsələyə yanaşmayacaq, Ermənistanın işğalçı dövlət olduğunu bəyan etməyəcək, onun işğal etdiyi ərazilərdən çıxmasını tələb etməyəcək münaqişənin həllini çətin görürəm. Bu addımın atılmasının vaxtı artıq çatıb. Azərbaycan bu gün öz maraqlarını müdafiə etmək əzmində olan bir dövlətdir. Türkiyə ilə münasibətlərdə də bunu göstərdi. Azərbaycan öz maraqlarını heç kimə qurban verməyəcək.

Sual: Madrid prinsiplərinin süquta uğradığını düşünmək olarmı? Demək olarmı, danışıqlar davam etdirilməyəcək və hər hansı irəliləyiş əldə edilməyib?

Cavab: Madrid prinsipləri üzərində konkret olaraq heç iş də getmirdi. Bəli, Madrid prinsipləri ola bilsin ki, bu gün kimləri isə təmin edir. Xüsusilə, Ermənistan tərəfini. Ona görə də onlar çox böyük canfəşanlıqla, tez-tez Madrid prinsiplərindən danışır. Madrid prinsiplərindən öncə hər iki dövlət öz əraziləri ilə BMT-yə daxil olub. Madrid prinsiplərindən əvvəl BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, ATƏT və Avropa Şurasının müxtəlif qərarları var. Bunları nəzərə almaq lazımdır.
Madrid prinsipləri təklif edilmişdi. Ancaq Azərbaycan tərəfi rəsmi şəkildə Madrid prinsiplərini təklif edilmiş formada heç vaxt qəbul etməyib. Bununla bağlı Azərbaycan tərəfinin öz mövqeyi, öz təklifləri var. Bir qədər də onlardan danışmaq lazımdır. Ona görə də Madrid prinsiplərinin ortada rəsmi sənəd kimi olmasını təkzib edirəm.

Sual: NATO-nun qeyri-hərbi yüklərinin Azərbaycan ərazisi vasitəsi ilə Əfqanıstana daşınması ilə bağlı razılıq əldə edilibmi?

Cavab: Azərbaycanın NATO ilə sıx əməkdaşlığı var. Ümumilikdə Azərbaycan həm qərbə, həm də başda ABŞ olmaqla NATO-ya çox böyük kömək edir. Kosovoda, İraqda, Əfqanıstanda həm öz qoşunlarımızla, həm də bu proseslərdə Azərbaycan çox fəal olub. İndi də yüklərin daşınması ilə bağlı mövqeyimiz pozitivdir, müsbətdir. Bununla bağlı, danışıqlar davam edir. Düşünürəm elə bir problem olmayacaq. Azərbaycan qərbə əlindən gələn köməyi edir. Amma biz də qərbdən etdiyimizin 30-50 faizini Azərbaycan üçün etməsini istəyirik.

Sual: Mətbuatın məlumatına görə, iyunun sonlarında Nabucco layihəsi ilə bağlı niyyət protokolu imzalanacaq. Bu sahədə vəziyyət necədir?

Cavab: Bu yaxınlarda Cənub dəhlizi ilə bağlı geniş konfrans keçirildi. Cənub dəhlizinin isə ən mühüm və aparıcı komponenti Nabucco layihəsidir. Layihənin həyaya keçirilməsi üçün səyləri koordinasiya etmək, konkretləşdirmək və qarşıya vəzifələr qoymaq lazımdır. Son proseslərdə bununla bağlı addımlar atılıb və müəyyən tərəflərin mövqeləri aydınlaşıb. Azərbaycan tərəfi də mövqeyini bildirib. Avropada istehlakçı olan və layihədə maraqlı olan dövlətlər konkret addımlar atıb məqsədlərini ortaya qoyarlarsa və sənəd imzalanarsa həm Türkiyə, həm Azərbaycan, həm də digər dövlətlər layihəni həyata keçirə bilər.

Sual: Nabucco layihəsi ilə bağlı Türkiyə ilə Azərbaycan arasında hər hansı bir problemli məqam varmı? Qazın qiyməti ilə bağlı və başqa məqamlarla bağlı problem aradan qaldırılıbmı? Çünki Türkiyə tərəfi danışıqların davam etdiyini bildirib.

Cavab: Son proseslər bir daha göstərdi ki, Azərbaycan- Türkiyə münasibətləri xalqların, ölkələrin bir-birinə bağlılığı ilə müəyyənləşir. Ona görə də, bu iki dövlət arasında hansı problem olmasından asılı olmayaraq son anda konstruktiv şəkildə həllini tapacaq. Qazın qiyməti ilə bağlı da danışıqlar var və indi də davam edir. Əminəm ki, problem tezliklə müsbət formada həllini tapacaq. Nabucco ilə bağlı da müəyyən məsələlər müzakirə olunur və bu danışıqlar da pozitiv istiqamətdə davam edir.

Sual: Prezident Barak Obamanın administrasiyasının Azərbaycanla bağlı siyasəti Sizi qane edirmi? Problemlər mövcuddurmu, yaxşı cəhətlər nədən ibarətdir?

Cavab: İstəyərdik ki, cənab Obamanın administrasiyasının Azərbaycanla bağlı siyasi kursu bizi təmin etsin və Azərbaycanın da maraqları nəzərə alınsın. Azərbaycan müstəqilliyini əldə etdikdən indiyədək qərb üçün imkanları daxilində bütün səyləri ortaya qoyub. Bunu böyük layihələrlə, konkret addımlarla nümayiş etdirib. Amerikanın keçmiş prezidenti Ronald Reyqan 1983-cü ildə Floridanın Orlando şəhərində deyib ki, “Amerika nə qədər çox ədalətli olarsa, onun böyüklüyü də bir o qədər davam edəcək”. Bu fikir Barak Obamanın administrasiyası üçün də aktual olmalıdır. Ancaq Azərbaycan Amerika administrasiyasının daha çox Ermənistan təəssübkeşliyini ortaya qoyduğunu görür. Bu, son proseslərdə də özünü göstərdi. Lakin Ermənistan işğalçı dövlətdir. Obama administrasiyası bu faktı bilə-bilə dilə gətirmir. Bu isə Azərbaycan üçün qəbuledilməzdir.

Sual: İki dövlət arasında vəziyyətin düzəlməsi üçün tərəflər hansı addımları atmalıdır?

Cavab: Vəziyyətin düzəlməsi bu gün hamı üçün lazımdır. Əslində bu, ABŞ-ın özü üçün də, Avropa üçün də, ilk növbədə isə Azərbaycan və region üçün lazımdır. Qafqaz hazırda dünyanın ən həssas regionlarındandır. Geosiyasət baniləri bir qayda olaraq Cənubi Qafqazı dünyanın və xüsusilə də Avrasiyanın ən mühüm regionu kimi müəyyən edib. Bu mənada regiondakı münaqişələrin ədalətli həlli hamının maraqlarına uyğun olardı. Bunun üçün ABŞ-ın beynəlxalq hüquqdan çıxış edərək münaqişələrə münasibət bildirməsi vacibdir. Müxtəlif dövlət başçılarının Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı bəyanatları kifayət deyil. Ponald Reyqanın dediyi kimi, Amerika ədalətli olmalı, hadisələrə məhz bu baxışdan qiymət verməlidir. Bu zaman ədalət yerini tapar. Necə olur ki, ABŞ prezidenti müxtəlif məsələlər ətrafında çıxış edərkən xahiş də edir, tələb də edir, sanksiyalar da irəli sürür. Amma Dağlıq Qarabağ problemi ilə bağlı səyləri o istiqamətə yönəldir ki, Ermənistanın müəyyən maraqları təmin olunsun. Azərbaycanın isə bir milyon insanı hələ də məcburi köçkün və qaçqın kimi çətin vəziyyətdə yaşayır. Torpaqları iyirmi ildir işğal altındadır. Hesab edirik ki, ABŞ ədalətli mövqedən çıxış edərək münaqişənin həllinə cəhd edərsə problem tezliklə həllini tapar.



XS
SM
MD
LG