ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsinin respublikaçı sədri Riçard Luqar Azərbaycanda səfərdədir. Cənab Luqar səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildiribki, prezident İlham Əliyevlə təhlükəsizlik, enerji və kənd təsərrüfatının inkişafı məsələlərini müzakirə edib.
Senator Azərbaycanın çətin vaxtlarda Gürcüstana qida və bir sıra başqa lazım olan mallarla kömək etməsini ABŞ tərəfinin yüksək qiymətləndirdiyini bildirib. “Biz Gürcüstanda səfərdə olarkən bu köməyin şahidi olduq”.
Cənab Luqar hesab edir ki, Rusiyanın Gürcüstana qəddar müdaxiləsi heç zaman təkrar olunmamalıdır. O Gürcüstan ərazisində ölkənin təhlükəsizliyin təmin edilməsi üçün NATO qüvvələrinin yerləşdirilməsinin mümkünlüyü haqda suala cavabda deyib ki, ABŞ Avropa İttifaqı və digər partnyorları ilə birlikdə "Rusiyanın təkrarən müdaxiləsinə" imkan verməmək üçün hər şey edir”.
Senator belə müdaxilələrin Rusiyanın özü üçün mənfi nəticələr yaratdığını davurğulayıb. “Bu zaman ABŞ və Polşa arasında RƏM elementlərinin yerləşdirilməsi haqqında saziş imzalanıb. Bundan başqa, Rusiyanın fond bazarlarında itkiləri qaçılmazdır”.
O Azərbaycana da belə müdaxilə olarsa ABŞ-ın reaksiyasının necə olacağı barədə suala cavabda deyib ki, Azərbaycan da Gürcüstan kimi ABŞ üçün mühüm ölkədir və Vaşinqtonun reaksiyası adekvat olacaq.
Senator Bakıya səfərinin nəticələrini səmərəli adlandırıb. Cənab Luqar Bakıda Nabucco layihəsini də müzakirə edib. “Bu mövzunu həm İlham Əliyev, həm də BP rəhbərliyi ilə müzakirə etdik. Bakıdan Ankaraya gedəcəm və müzakirəni davam etdirəcəm. Nabucco boru kəmərinin doldurulması üçün nə qədər qaz lazım olduğunu, eyni ilə də Türkiyəyə, Avropa ölkələrinə nə qədər qaz lazım olduğunu müəyyənləşdirmək lazımdır”.
Qeyd edək ki, avqustun 27-dən 29-dək senator "Nabukko" qaz kəmərinin marşrutu üzrə hərəkət edərək, Buxarestdə, Budapeştdə olacaq və sonra Kiyevdə avqustun 30-dan 31-nə qədər təhlükəsizlik və energetika məsələləri üzrə Ukrayna rəhbərliyi ilə danışıqlar aparacaq. Bundan sonra o, Berlində sentyabrın 1-dən 2-dək Almaniya rəsmiləri ilə müzakirələri davam etdirəcək. Senator nəhayət Brüsselə gələcək və sentyabrın 3-dən 4-dək NATO və Avropa İttifaqının rəsmiləri ilə görüşlər keçirəcək.
Cənab Luqar həmçinin prezident Əliyevlə qarşıdan gələn prezident seçkilərini müzakirə etdiyini də bildirib. Senator seçki sistemində dəyişiklikləri müsbət qiymətləndirib. "Demokratik seçkilər Amerika seçicilərinin deyil, Azərbaycan seçicilərinin həll etdiyi məsələlərdir"-deyə o qeyd edib.
Rusiyada anti-Amerika
isteriyasına toxunan Luqar ümid edir ki, bu əhval-ruhiyyə cilovlanacaq və konkret
qərarların qəbuluna gətirib çıxarmayacaq".