AŞPA sədri Luis Mariya de Puç Azərbaycana səfəri ilə bağlı brifinq keçirib. O Azərbaycanda 4 gün müzakirələr aparacaq.
Cənab Puç həbsdə olan jurnalistlərin və siyasi məhbusların azadlığa buraxılmasının vacibliyini önə çəkib.
Parlament Assambleyasının sədrinin dediyinə görə, Avropa Şurası Azərbaycanda bu il keçiriləcək prezident seçkilərinin demokratikliyinin təmin edilməsinə böyük əhəmiyyət verir.
Azərbaycan hüquq-müdafiəçilərinin siyasi məhbuslar üzrə məruzəçinin bərpa edilməsi barədə müraciəti ilə bağlı ilə cənab Puç bildirib ki, onun Bakıya hazırkı səfərindən sonra vəziyyət dəyişməsə və hökumət məhbuslarla bağlı iradə nümayiş etdirməsə, bu ilin sentyabrında AŞPA siyasi məhbuslarla bağlı məruzəçi təyin edəcək.
"AŞPA-nın ötən həftə qəbul etdiyi qətnamə seçkilərə qədər yerinə yetirməzsə, Azərbaycana qarşı sanksiya tətbiq edilməsi də mümkündür". Bu bəyanatı da Parlament Assambleyasının sədri verib.
O səfərinin AŞPA qətnaməsinin icrası cəhətdən nəticə verəcəyinə ümid etdiyini bildirib. Cənab Puç həmçinin deyib ki, AŞPA-nın son qətnaməsində Azərbaycanın ərazi bütövlüyünə və Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstək ifadə olunub. AŞPA-nın Ermənistan Silahlı Qüvvələri bölmələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən ən tez zamanda çıxarılması haqqında mövqeyi qətidir.