Accessibility links

Azərbaycanda Kimyəvi Silahlar Konvensiyasının tətbiqi ilə bağlı seminar keçirilir


Azərbaycanda Kimyəvi Silahlar Konvensiyasının tətbiqinə dair üçgünlük seminar açılıb. Seminar Azərbaycan Xarici İşlər nazirlyi, Avropa Birliyi və Kimyəvi Silahların Qadağan Olunması təşkilatının təşəbbüsü ilə keçirilir. Kimyəvi silahların hazırlanmasının, istehsalının, yığılmasının, tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında Konvensiya imzalanmaya 1993-cü ildən açıqdır. O 1997-ci il aprelin 29-da 65 dövlət tərəfindən ratifikasiya olunduqdan sonra qüvvəyə minib. Konvensiyanın yerinə yetirilməsini müşahidə etmək üçün mənzil qərargahı Haaqada olan Kimyəvi Silahların Qadağan Olunması təşkilatı yaradılıb. Xarci işlər nazirinin müavini Araz Əzimov bildirib ki, Azərbaycan kimyəvi silahların qadağan olunmasına dair Konvensiyaya qoşulan ilk ölkələrdəndir və onun müddəalarının həyata keçirilməsində fəal iştirak edir. Onun sözlərinə görə, sənədin siyasi və hərbi-texniki tərəflərindən başqa, iqtisadi tərəfi də var. Öhdəlik götürmüş ölkə silahlarda istifadə edilən kimyəvi maddələrin istehsalını ya bütövlükdə dayandırır və ya məhdudlaşdırır. Cənab Əzimovun sözlərinə görə, Azərbaycan beynəlxalq birlik miqyasında atılan addımları dəstəkləyir, ölkə daxilində isə bununla bağlı tədbirlər həyata keçirmək niyyətindədir. Nazir müavini Cənubi Qafqaza yaxın bölgədə bir dəfə kimyəvi silah tətbiq olunduğuna işarə edib və yenə tətbiq olunması təhlükəsinin istisna təşkil etmədiyini diqqətə çatdırıb. Kimyəvi Silahların Qadağan Oolunması təşkilatının nümayəndəsi Sergey Kiselyovun sözlərinə görə, Azərbaycan Konvensiyadan irəli gələn məsələləri yaxşı başa düşür. «Konvensiyanın tətbiqi sahəsində Azərbaycanın fəaliyyəti müsbətdir. Azərbaycan aktıv kimyəvi maddələr istehsal edən müəssisələrin siyahısını təqdim edib. Vacib addımlardan biri də kimyəvi silahların qadağan olunması haqqında Konvensiyanın tətbiq edilməsinə dair milli qanunun hazırlanmasıdır. Kimyəvi Silahların Qadağan Olunması təşkilatı qarşısına heç də Azərbaycanda kimya sənayesini nizamlamaq məqsədi qoymur. Təşkilat Konvensiya tərəfindən qadağan olunan kimyəvi maddələrin istehsal olunmasını yolverilməz sayır».
XS
SM
MD
LG