Accessibility links

Metyu Brayza: Azərbaycan və Ermənistan çərçivə razılığını əldə etməyə çox yaxındır  


ABŞ dövlət katibinin köməkçisinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə müavini, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza səlahiyyət müddətinin başa çatması münasibəti ilə regiona səfər edib. O Ermənistan, Gürcüstandan sonra bu gün Azərbaycanda rəsmi səviyyədə və vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşlər keçirib.
Cənab Brayza səfərinin yekunu ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, onu Dövlət katibinin köməkçisinin müavini kimi Tina Kaidanov əvəz edəcək. Amma ATƏT-in Minsk Qrupunda amerikalı sədr kimi cənab Brayzanı kimin əvəz edəcəyi hələ bəlli deyil. “Minsk Qrupunun yeni təyin ediləcək amerikalı həmsədri tanınmış, yüksək səviyyəli diplomat olacaq. Hesab edirəm ki, onun təyinatı hər iki tərəfi razı salacaq”,- deyə o qeyd edib.
Cənab Brayza son illər Amerika-Azərbaycan əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini bildirib.“Biz dost ölkələrik. ABŞ və Azərbaycan təhlükəsizlik, enerji və demokratiya sahəsində dəyərləri bölüşür. Təhlükəsizlik dəyərlərinə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, dünyada terrorizmə qarşı birgə mübarizə daxildir. Artıq Avropanın enerji təminatında Azərbaycan alternativ təchizatçı kimi çıxış edir. Amerika Azərbaycanla demokratiya və digər sahələrdə islahatlarla bağlı da əməkdaşlıq edir”.
O suallara cavabda deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Amerika, Fransa və Rusiya prezidentlərinin bu il imzaladığı bəyanatda nizamlanmanın fundamental prinsipləri əksini tapıb. Hesab edirik ki, sülh razılaşması hər iki tərəfi razı salmalıdır. “ATƏT-in Minsk qrupu hazırda inkişaf dövrünü yaşayır. Minsk Qrup Madrid prinsiplərini hazırlayıb və bir qədər öncə Krakova şəhərində bu prinsiplərə xırda dəyişiklik edib. Ümid edirəm ki, dəyişiklik tərəfləri qane edir. Hazırda prezidentlərin mövqeləri o qədər yaxınlaşıb ki, münaqişənin həlli istiqamətində, nəticə olaraq çərçivə razılığını əldə etməyə çox yaxındır”.
Cənab Brayza Obama administrasiyasının Cənubi Qafqazı Amerika üçün strateji bölgə kimi nəzərdən keçirdiyini də diqqətə çatdırıb. “Cənubi Qafqaz bölgəsinə Obama və xanım Klintonun şəxsi marağının olduğunun da şahidi olmuşam. Son zamanlar ABŞ-ı təmsil edən yüksək səviyyəli rəsmilər bölgəyə və Azərbaycana səfər edib. Dövlət katibinin müavini Amerikada çıxışının çox hissəsini bu bölgənin təhlükəsizliyi ilə bağlı məsələlərə həsr edib. Amerikanın ən yüksək səviyyəli rəsmiləri bundan sonra da Azərbaycana səfər edəcək və burada olan proseslərdə iştirak edəcək”.
Dövlət katibinin köməkçisinin müavini “Amerikanın səsi” radiosunun gənc blogerlərin həbsi və “Amerikanın səsi”, “Azadlıq” radiosunun FM tezliyində yayımının bərpasının mümkünlüyü ilə bağlı suallarına da cavab verib. “Blogerlər Adnan Hacızadə və Emin Milli ilə bağlı Azərbaycan prezident ilə müzakirə etdim. Bu məsələni prezidentin qarşısında qaldırdım, eyni zamanda vətəndaş cəmiyyətlərinin, gənclər və media təşkilatlarının nümayəndələri ilə müzakirələr apardım. Hesab edirəm ki, yaranmış hal müasir proses çərçivəsində həllini tapmalıdır. Bu məsələlər Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarının qorunması şərti ilə həllini tapmalıdır və bu media azadlığına təkan verməlidir. Radiolarının yayımı məsələsinə gəlincə, bununla bağlı Amerikanın Beynəlxalq Yayım Şurası Azərbaycan hökumətinə təkliflər göndərib. Hazırda həmin təkliflərə cavab gözləyirik”-deyə o qeyd edib .


XS
SM
MD
LG