Accessibility links

Avropa Birliyi üçlüyü Azərbaycanla Şərq Tərəfdaşlığını müzakirə edib



İsveçin Xarici İşlər naziri Karl Bildtin başçılığı ilə Avropa İttifaqı üçlüyünün nümayəndə heyətinin Bakıya ikigünlük səfəri başa çatıb. Nümayəndə heyətinə Avropa Komissiyasının və Avropa İttifaqına sədrlik edəcək İspaniyanın nümayəndələri də daxildir. Nümayəndə heyəti prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb.
Səfərin yekunları ilə bağlı keçirilən mətbuat konfransında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, görüşlərdə enerji, Dağlıq Qarabağ münaqişəsi, Aİ-Azərbaycan münasibətləri ətrafında fikir mübadiləsi aparılıb. Danışıqların əsas mövzusundan biri də Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” təşəbbüsü olub. “Şərq tərəfdaşlığı” Aİ-nin Azərbaycan da daxil olmaqla, 6 postsovet ölkəsi ilə qarşılıqlı münasibətlərinin yeni konsepsiyasıdır.
Karl Bild deyib ki, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, azad ticarətin inkişafı, assosiativ münasibətlər haqqında sazişlərin imzalanması üçün imkanlar açır.“Görüşlərdə ikitərəfli potensialı inkişaf etdirmək və bu ilin mayında Praqada qəbul edilən Avropa İttifaqının yeni konsepsiyası “Şərq Tərəfdaşlığı ətrafında geniş müzakirələr aparmışıq. Nabucco layihəsi, enerji təhlükəsizliyi məsələləri diqqət mərkəzində olub. Bir sıra siyasi məsələlər, o cümlədən insan haqları ilə bağlı narahatlıq doğuran məsləri müzakirə etmişik və bu müzakirələr davam edir”.
Cənab Bildt təhlükəsizlik məsələlərinin, Dağlıq Qarabağ münaqişəsinin də müzakirə mövzusu olduğunu vurğulayıb. “Çünki Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Moskvada görüş olub. Avropa İttifaqı ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir. Biz regionda münasibətlərin hərtərəfli normallaşmasının tərəfdarıyıq”.
Avropa Birliyinə sədrlik edən İsveç xarici işlər naziri Azərbaycanda gənc blogerlərin həbsi ilə bağlı problemi prezident İlham Əliyevlə görüşdə qaldırdığını da bildirib.
“Biz blogerlərin həbsi ilə bağlı narahatlığımızı çatdırdıq. Bir müddət əvvəl Avropa İttifaqının, İsveçrə və Norveçin səfirləri Azərbaycan prezidentinə bununla bağlı bir məktub göndərib. Biz də öz narahatlığımız bildirdik”.
Azərbaycan və Ermənistan prezidentlərinin Moskva görüşü barədə sualın cavabında nazir Məmmədyarov danışıqlarda irəliləyiş olmadığını etiraf edib. O təəssüflə qeyd edib ki, Moskva görüşündə Sankt-Peterburq görüşündə olduğu kimi irəliləyiş baş verməyib. Ancaq nazir hesab edir ki, Azərbaycan və Rusiya prezidentlərinin görüşündə danışıqlarda irəliləyiş baş verəcəyinə ümidlər yenidən yaranıb.
Sentyabrda ATƏT-in Minsk qrupunun həmsədrləri əvvəlcə ayrı-ayrılıqda, sonra isə birlikdə regiona gələcək. Həmin vaxta qədər onlar Moskva görüşündə əldə edilmiş razılaşmalar üzərində işləyəcəklər. Bu ilin oktyabrda Azərbaycan və Ermənistan prezidentlərinin yeni görüşü də nəzərdə tutulur.
Minsk qrupunun həmsədr ölkələrin prezidentlərinin “Madrid prinsipləri”nin yenilənmiş variantı ilə bağlı bəyanatı barədə “Amerikanın səsi” radiosunun sualının cavabında cənab Məmmədyarov bildirib ki, bu sənədin qəbulu özü-özlüyündə müsbət haldır.
Cənab Məmmədyarov Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın siyasi statusunun müəyyənləşdiriləcəyini bildirib. Azərbaycan Dağlıq Qarabağa yüksək muxtariyyət verməyə hazırdır.

XS
SM
MD
LG