Accessibility links

Azərbaycanlılar Azadlığın və Sülhün Müdafiəsi Beynəlxalq Təşkilatını təsis edib


Yeni təsis edilmiş “Azadlığın və Sülhün Müdafiəsi” Beynəlxalq Təşkilatının təqdimatı olub. Təşkilat bu il noyabrın 24-də İsveç Krallığında qeydiyyatdan keçib. Təşkilatın sədri, Milli Məclisin keçmiş deputatı Mətləb Mütəllimli bildirib ki, İsveç, Türkiyə və Gürcüstan da daxil olmaqla, çoxsaylı ölkələrdə nümayəndəliklər təsis ediləcək.
Onun sözlərinə görə, qurum dünyada sülhün, azadlığın müdafiəsi istiqamətində fəaliyyət göstərəcək. Millətindən, irqindən, dil və dinindən asılı olmayaraq, insanların azad, sərbəst yaşamaq hüquqlarının təmin olunmasına, xalqların sülh şəraitində yaşamasına çalışacaq.
Təşkilatın əsas prioritetlərindən biri də müharibələrə qarşı fəaliyyətdir. Sədrin sözlərinə görə, hazırda dünyada müharibələrə xərclənən vəsait insan haqlarına xərclənən vəsaitləri dəfələrlə üstələyib. Cənab Mütəllimli İraqda müharibə aparan Amerikanı və Gürcüstan ərazisini zəbt edən Rusiyanı tənqid edib. Belə ki, BMT və Avropa məhkəməsində islahatlar aparılmalı, beynəlxalq hüquq normalarını pozan dövlətlərə qarşı ciddi sanksiyalar tətbiq edilməlidir.
Təşkilatın qarşısında duran əsas məsələlərdən biri də İranda insan haqlarının vəziyyətidir. Sədrin dediyinə görə, bu məqsədlə İsveçdə İranda baş verən hadisələri öyrənən xüsusi komissiya da yaradılıb.
Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib ki, yeni qurum Azərbaycanda sosial hüquqların pozulması ilə bağlı məsələləri daha çox diqqətdə saxlamalıdır.
Hüquq müdafiəçisi Səidə Qocamanlı hesab edir ki, insan hüquqlarının qorunması sahəsində dünyada öncül olan İsveçin təcrübəsini problemlər burulğanında çabalayan Azərbaycana gətirilməsi vacibdir. Bu baxımdan birgə maarifləndirici konfranslar təşkil edilməlidir.
Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyninin fikrincə, dünyada yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsinin təşkili üçün beynəlxalq təşkilatlara ciddi ehtiyacı var. Ölkə daxilində çoxsaylı hüquq-müdafiə təşkilatları olmasına baxmayaraq beynəlxalq aləmdə nümayəndəliklərlə təmsil olunanı yoxdur.


XS
SM
MD
LG