Accessibility links

Bakı İslam mədəniyyəti paytaxtı elan edilib


"Bakı-İslam mədəniyyətinin paytaxtı - 2009" mədəniyyət ilinin təntənəli açılışı olub. Açılış mərasimində prezident İlham Əliyev, İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatı – İSESKO - nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri iştirak edib.

Prezident İlham Əliyev Bakının mədəniyyət paytaxtı elan edilməsini "böyük şərəf" kimi qiymətləndirib. Onun fikrincə, mədəniyyət ili çərçivəsində keçiriləcək tədbirlər islam mədəniyyətinin nümayişi üçün mühüm rol oynayacaq. "Biz islam aləminin yaxın olmasına, islam həmrəyliyinə çalışırıq. Buna böyük ehtiyac var".

Cənab Əliyev bildirib ki, Azərbaycan sivilizasiyalararası əlaqələrdə mühüm rol oynayır.

Dövlət başçısı dünyadakı maliyyə böhranının Azərbaycana dərin təsir etməyəcəyini də diqqətə çatdırıb. Onun fikrincə, Azərbaycan dünyanın böhrana ən çox hazır olan ölkələrindəndir. Böhran dövründə də mədəniyyətin inkişafı davam etdiriləcək.

Prezident ölkədə mədəni və tarixi irsin dövlət tərəfindən uğurla qorunduğunu deyib. Eyni zamanda, o Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlardakı tarixi və mədəni abidələrin, muzeylərin talan edildiyini xüsusi vurğulayıb.

İSESKO - nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri, İslam Konfransı Təşkilatının baş katibinin müavini Atta el-Manane Baxit də mərasimdə çıxış edib. Onlar qədim tarixi, zəngin mədəniyyəti olan Azərbaycanda görülən işlərdən, ölkənin dinamik inkişafından, beynəlxalq əlaqələrindən söz açıb.

"Bakının islam mədəniyyət paytaxtı elan edilməsi sivilizasiyalararası dialoqu daha da gücləndirəcək". Bu sözləri isə "Amerikanın səsi" radiosuna Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərov deyib. Onun fikrincə, Azərbaycanın da islam dünyasında tanınmasına böyük ehtiyac var.

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov hesab edir ki, Azərbaycandakı islam mədəniyyətinin dünyaya təqdimatı üçün Bakının mədəni paytaxt elan edilməsi üstünlüklər yaradır.

Müğənni Yaqub Zurufçu da Azərbaycan mədəniyyətinin islam dünyasına təqdim edilməsinin vaxtının çoxdan çatdığını deyir.

İslam dünyasının mədəniyyət paytaxtı Bakı şərq və qərb musiqisini özündə sintez edən Azərbaycan musiqi mədəniyyətinin təqdimatı ilə də yaddaşlarda qalacaq.


XS
SM
MD
LG